Vaxt.Az

Gözlənilməz görüş


 

Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib

Gözlənilməz görüş Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri ardıcıl danışıqlar aparıb. Çin Xarici İşlər naziri Van Yi ABŞ-dakı həmkarı Marko Rubio ilə telefonla, Çin Müdafiə naziri Dun Cün isə ABŞ Müdafiə naziri Pit Heqset ilə videokonfrans vasitəsilə görüşüb.

Qəfil baş tutan yüksək səviyyəli təmasların, Çin Dövlət Başçısı Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüşün hazırlığı ola biləcəyi ehtimal olunur.

Si və Tramp sonuncu dəfə iyunun 5-də iki ölkə arasında qarşılıqlı tarif artırımları ilə gərginləşən ticarət mübahisəsindən sonra 1,5 saat davam edən telefon danışığı aparmış və bir-birlərini ölkələrinə dəvət etmişdilər. Trampın oktyabrın 30-dan noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) Zirvəsi ərəfəsində Çini ziyarət edə biləcəyi və ya iki liderin zirvə çərçivəsində görüşəcəyi gözlənilir.

 

Van Yidən Tayvan xəbərdarlığı

 

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Van Yi danışıqlarda bildirib ki, Çin və ABŞ iki böyük gəmi kimi istiqamətini dəyişmədən və sürətini itirmədən dövlət başçılarının müəyyən etdiyi strateji xəttə bağlı qalmalı, əldə olunmuş razılaşmaları güzəştsiz icra etməlidir.

ABŞ-ın son dövrlərdəki bəyanat və addımlarının Çinin qanuni hüquq və maraqlarına zərər verdiyini, ölkənin daxili işlərinə müdaxilə etdiyini vurğulayan Van Yi qeyd edib: “ABŞ, xüsusilə Tayvan kimi Çinin əsas maraqlarına toxunan məsələlərdə söz və addımlarında ehtiyatlı olmalıdır”.

Çin XİN rəhbəri əlavə edib ki, Çin və ABŞ İkinci Dünya Müharibəsində militarizm və faşizmə qarşı birlikdə vuruşublar, yeni dövrdə də dünya sülhü və rifahı naminə əməkdaşlıq etməli, qlobal problemlərə birgə cavab verməli və böyük güclərin məsuliyyətini üzərlərinə götürməlidirlər.

Çinin açıqlamasında vurğulanıb ki, görüş vaxtında, zəruri və faydalı olub, dövlət başçıları səviyyəsində diplomatiyanın istiqamətverici rolu, fərqliliklərin düzgün idarə olunması və praktiki əməkdaşlıq imkanlarının araşdırılaraq münasibətlərin sabit inkişafına töhfə verməyin əhəmiyyəti önə çəkilib.

 

“Çini əhatə və caydırma cəhdləri uğursuz olacaq”

 

Çin Müdafiə Nazirliyinin məlumatına görə, Dun Cün ABŞ Müdafiə naziri Hegset ilə videokonfrans formatında görüşdə açıq mövqeyin saxlanmasının, ünsiyyət və təmasların davam etdirilməsinin, Çin-ABŞ hərbi münasibətlərinin bərabərlik, hörmət və dinc yanaşı yaşama prinsiplərinə əsaslanaraq sabit və möhkəm şəkildə qurulmasının vacibliyini bildirib.

Dun Cün vurğulayıb: “Tayvanın müstəqilliyini dəstəkləyən separatizmi güc yolu ilə möhkəmləndirməyə, Tayvanı Çini əhatə etmək üçün alətə çevirməyə yönələn bütün xarici müdaxilələr və cəhdlər uğursuzluğa məhkumdur”.

Çinli nazir əlavə edib ki, ölkəsi Cənubi Çin dənizində sülh və sabitliyi qorumaq üçün digər dövlətlərlə əməkdaşlığa hazırdır, bəzi ölkələrin pozucu hərəkətlərinə və bölgəxarici güclərin təxribatçı təşəbbüslərinə qarşı çıxır. “Çin daim öz inkişafına fokuslanacaq, qanuni hüquq və maraqlarını güclü şəkildə qoruyacaq. Nə Çini əhatə və caydırma, nə də daxili işlərinə müdaxilə cəhdləri uğur qazanmayacaq”, – deyə Dun Cün qeyd edib.

Görüşdə tərəflərin ortaq narahatlıq doğuran digər məsələlər ətrafında da məsləhətləşmələr apardıqları bildirilib.

 





11.09.2025    çap et  çap et