Xərçəng, ürək xəstəlikləri və nevroloji pozuntular kimi xroniki xəstəliklərdən ölüm halları dünyanın böyük hissəsində azalıb – lakin son analizlərə görə, son illərdə bu sahədə irəliləyişlər dayanıb.
Dünya Səhiyyə Təşkilatı (DST), “Imperial College London” və digər qurumların tədqiqatçıları 185 ölkə və bölgədə xroniki xəstəliklərdən ölüm riskini hesablayıblar.
Tədqiqat göstərib ki, 2010-cu illərdə dünya üzrə ölkələrin təxminən 80%-ində xroniki xəstəliklərdən ölüm halları azalıb, amma bu yaxşılaşmalar əvvəlki 10 ilə nisbətən çox daha yavaş baş verib. Xüsusilə Avropa, Şimali Amerika, Asiya və Sakit Okean bölgələrindəki zəngin ölkələrdə irəliləyiş tempi düşüb.
DST-nin nəzarət, izləmə və hesabat bölməsinin rəhbəri və tədqiqatın müəlliflərindən Lien Rili (Leanne Riley) bildirib ki, xroniki xəstəliklərin qlobal yükü qəbul edilməyəcək qədər yüksəkdir.
Zəngin inkişaf etmiş ölkələr arasında ən pis nəticələrdən birini Almaniya göstərib. 2010-cu illərdə xroniki xəstəliklərdən ölümlərdə ən az azalma yaşayan Almaniya yalnız ABŞ-dan daha yaxşı nəticə əldə edə bilib. Ümumilikdə ölümlər azalsa da, 30 yaşlı qadınlarda və 65-75 yaş qrupunda ağciyər xərçəngi və demensiyadan ölüm halları az da olsa artıb.
Digər tərəfdən, üç Şimali Avropa ölkəsi – Danimarka, Norveç və İsveç – ən böyük yaxşılaşmaları göstərib və irəliləyiş demək olar ki, dayanmayıb. Hesabata görə, bu uğur xüsusilə işləyən yaşlı yetkinlər arasında ölümlərin azalmasından qaynaqlanıb.
Tədqiqatçılar xroniki xəstəlik ölümlərində Danimarkanı Qərb ölkələri üçün “nümunə ölkə” olaraq göstəriblər.
Orta və Şərqi Avropadakı ölkələr ümumilikdə 2010-cu illərdə yaxşılaşma göstərib. Moldova xroniki xəstəlik riskində ən böyük azalmanı yaşayan ölkə olub. Tədqiqatçılar bildiriblər ki, Rusiya və bölgədəki bəzi digər ölkələrdə spirt nəzarət siyasətləri bu inkişafda mühüm rol oynamış ola bilər.
Tədqiqat bu ayın sonlarında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında keçiriləcək və xroniki xəstəliklərin müzakirə ediləcəyi yüksək səviyyəli toplantı öncəsi “The Lancet” tibb jurnalında yayımlanıb.
Ölkələrin xroniki xəstəlikləri azaltmaq və ruhi sağlamlığı yaxşılaşdırmaq sahəsində öhdəlik götürməsi gözlənilir. Lakin bu razılaşmalar çox vaxt real siyasət və əlavə büdcəyə çevrilmir.
Tədqiqatçılar qeyd ediblər ki, nəticələr xroniki xəstəliklərlə mübarizəyə daha çox sərmayə qoyulmasının vacibliyini göstərir və həllərin ən çox təsirlənən insanlara çatdırılması çağırışında bulunublar.
“Imperial College London” professorlarından və tədqiqatın müəlliflərindən Madjid Ezzati (Majid Ezzati) tütün və spirt nəzarəti, şəkərli diabet dərmanlarına çıxış, xərçəng skrininqləri və infarkt müalicələrinin vacibliyini vurğulayıb.
Ezzati, “Çox ölkədə effektiv sağlamlıq proqramları ehtiyacı olan insanlara çatmır və bu insanlar səhiyyə sisteminin kənarında qalır”, – deyib.