Vaxt.Az

Əhmədova «Mərkəz»i bərpa edir


 

Sentyabr ayından fəaliyyətə başlayacaq qəzet üçün sabiq deputat indidən heyət yığmağa başlayır

Əhmədova «Mərkəz»i bərpa edir Sabiq millət vəkili, bu ilin 5 mayında şərti azadlığa buraxılan Gülər Əhmədovanın susqunluq nümayiş etdirməsi barədə yazmışdıq. Mətbuatda son günlərdə bir neçə dəfə ona qarşı fikir səsləndirən şəxslərin müsahibələri, açıqlamaları dərc edilib. Onlara cavab almaq üçün G.Əhmədova ilə əlaqə saxlamağa cəhd edən müxbirimizin telefon zəngləri cavabsız qalıb.


Bu günlərdə isə mətbuata G.Əhmədova cəbhəsindən ilginc xəbər ötürülüb. Xəbərdə deyilir ki, sabiq deputat yay ayları ərzində səhhətinə, ailəsinə bol vaxt ayırmağı, sentyabr ayından isə «arenalar»a qayıtmağı planlaşdırır. G.Əhmədovanın fəaliyyət göstərəcəyi sahə isə mediadır. Sabiq deputat daha öncə sahibi olduğu «Mərkəz» qəzetinin nəşrini bərpa edəcək.

Sentyabr ayından etibarən fəaliyyətə başlayacaq «Mərkəz» üçün sabiq deputat indidən heyət yığmağa başlayır. Bunun üçün media sektorunun tanınmış şəxsləri ilə kontakta girən G.Əhmədovaya böyük media holdinq yaratması üçün tapşırıq verilib.

Mənbənin bildirdiyinə görə, bu, G.Əhmədova üçün hakimiyyətin böyük jesti sayılır. Hakimiyyətin reputasiyasına ziyan vurduğu üçün həbs edilən sabiq deputat türmədə və məhkəmədə olduğu müddət ərzində «nümunəvi» davrandığı üçün öncə şərti azadlıq, sonra isə media holdinqə icazə ilə ödülləndirildi. Mənbə dedi ki, media holdinq rəhbəri olaraq fəaliyyətdən sonra G.Əhmədovanın siyasətə yolları da açılacaq.

Xatırladırıq ki, Azərbaycan hakimiyyəti üçün media holdinqə «yaşıl» işıq ciddi strateji addımdır. Daha öncə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, eləcə də nəqliyyat naziri Ziya Məmmədovun timsalında media holdinq yaratmaq cəhdləri olmuşdu. R.Abdullayevin adından hətta bir çox media nümayəndələri ilə sövdələşmələr aparılmış, anlaşmalar əldə edilmişdi. Amma son məqamda R.Abdullayev Kəmaləddin Heydərova aid media sektorunun nümayəndələrini «aparmaq istədiyi» üçün ikili arasında ciddi narazılıq olmuş və bu, yuxarı dairələrə də çatdırılmışdı. Nəticədə R.Abdullayevin bu arzusu reallaşmadı. Z.Məmmədovun da böyük media holdinq yaratmaq arzusu yarıda qaldı. Nazir ancaq interpress.az saytı ilə kifatyətlənməli oldu ki, o da sonucda nəzərdə tutulan uğur qrafikinə yüksələ bilmədi. Bu xatırlatmalar isə göstərir ki, G.Əhmədovanın nümunəsində vəziyyət yetərincə fərqlidir. Sabiq deputat etimad etalonuna görə hakimiyyətin gözündə fərqlidir. Bu səbəbdən də onun ilk olaraq mediadakı yeri bərpa olunacaq (həbsindən əvvəl «Mərkəz» qəzeti fəaliyyət göstərirdi - müəl.), ardınca isə siyasət arenasına qayıdacaq. (musavat.com)

 





18.06.2014    çap et  çap et