İkincisi, Rusiya PUA hücumuna Polşa ilə Ukrayna arasında gərginliyi dinamik və canlı tutmaq üçün vasitə kimi baxır. Üstəlik bu hücum Qərbin Kiyevə yardımının çox hissəsi üçün mərkəz rolunu oynayan Polşanın logistik imkanlarına hərbi təhdid mənasını daşıyır. Kreml NATO-nu qorxutmağa cəhd edir ki, Rusiya Ukraynadakı nəzarət zolağını Avropaya qədər "bufer zona" kimi yaya bilər. Bu, Avropanın atəşkəs müqabilində Ukraynanın arxa cəbhələrində hərbi kontingent yerləşdirmək elanına qarşı Kremlin müqavimətidir.
Üçüncüsü, NATO hadisəni Alyansın 5-ci Maddəsinin qarşılıqlı müdafiə bəndini işə salacaq hücum kimi qəbul etmir. Bu, NATO-nun kiçik eskalasiyasını böyütməmək üçün ehtiyatlı strateji yanaşmasını əks etdirir. Lakin NATO-nun kollektiv müdafiə və hücum qabiliyyətinin işə salınması Rusiyanın Ukraynadakı müharibə kampaniyasını zəiflətməyə qadirdir. Bununla belə, NATO daxilində Rusiya ilə açıq hərbi qarşıdurmaya girməmək üçün sərgilənən mövqe Trampın Putinlə razılığa gəlmək ehtimalı ilə daha da güclənəcək.
Bu, Rusiyaya sərfəli variantdır, hərçənd ki, bu prosesləri ABŞ strategiyası fərqli məcraya yönəldə bilər. Bu baxımdan Rusiyaya qarşı çəkindiricilik gücünü artırmaq üçün ABŞ və onun müttəfiqləri Rusiyanın arxa cəbhə sektorlarına zərbələr endirilməsinə yaşıl işıq yandıra bilər.
Əlavə olaraq, Ukraynaya Rusiya daxilində güclü və daha sensasion kəşfiyyat əməliyyatları aparması üçün plan təqdim oluna bilər. Yəni NATO Rusiyaya qarşı qəti və vahid cavab vermək prinsipini hərbi əməliyyatlardan kənar üsullarla dövriyyədə saxlayacaq.
Dördüncüsü isə, Vladimir Putin NATO ilə açıq qarşıdurma riskindən qaçır, lakin Polşaya hücumla Qərbin Rusiya ərazisində gözlənilən əməliyyat modelini yoxlayır.
Çünki Putin başa düşür ki, Qərb Rusiya hüdudlarında dərhal hərəkətə keçmək üçün kəşfiyyat şəbəkələrinə yeni təlimat verəcək. Bu, Rusiyanın zəifləmiş kəşfiyyat aparatını test etmək, Rusiyanın təhlükəsizlik cihazındakı “Qərb agentura şəbəkəsi”ni hazırlıqlı şəkildə ifşa etmək baxımından Putinə sərfəli görünür. Üstəlik, belə əməliyyatların reallaşması Putinə Kremldaxili rəqabət yaradan qüvvələri zəiflətmək imkanı tanıyacaq.
Nəhayət, Polşaya 20-yə yaxın PUA-nın buraxılması Rusiya ilə Çin arasında artan hərbi əməkdaşlığa dair həyəcanlı məlumatların fonunda reallaşdı. Başqa geosiyasi bazarlıqlar ehtimalı da hərbi təxribatı stimullaşdırdı – bu, ABŞ ilə Çin arasında strateji bölgüləri dəqiqləşdirmək üçün aparılacaq danışıqlardır. Görünür ki, Donald Tramp Rusiya və Çinlə əməkdaşlıq trayektoriyasını Ukraynaya yardım məsələsində Avropadan ABŞ-yə verilən siqnalları xəfiflətmək üçün istifadə edir. Polşa ssenarisi bunun bir hissəsi kimi yadda qala bilər. Çin bu xüsusda Rusiya ilə NATO arasındakı “hərbi eskalasiya”nı nizamlamaq üçün Moskvanın maraqları əsasından çıxış edəcək.