Təqdimatda Azərbaycanda ilk dəfə olaraq 10 milyard token üzərində öyrədilmiş geniş milli dil modeli (LLM) prototipi hazırlandığı bildirilib.
Yəni Azərbaycan təkcə xarici şirkətlərin məhsullarından asılı qalmadan, öz milli süni intellekt modelinin yaradılması istiqamətində addım atıb.
İki nazirimizin, Rəşad Nəbiyev və Emin Əmrullayevin bu təqdimata qatılması da təsadüfi deyildi.
Dövlət Vergi Xidmətinin resurslarından görsənir ki, artıq ölkədə “Milli Süni İntellekt Mərkəzi” MMC təsis edilib. Tuncay Bağırov “Milli Süni İntellekt Mərkəzi”nin direktoru təyin edilib.
Xatrıladıram ki, bir ildən çox “Aİ Lab” olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində, bir LAYİHƏ olaraq fəaliyyət göstərən bu qurum artıq müstəqil bir hüquqi şəxs, ŞİRKƏT olaraq fəaliyyətə başlayıb.
Əlbəttə, düşünürəm ki, əvvəllər layihə olaraq fəaliyyət göstərən qurumun şirkətə çevrilməsi, eyni zamanda AZCON tərəfindən dəstəklənməsi böyük irəliləyişdir. İnanmaq olar ki, qurumun fəaliyyəti xeyli sürətlənəcək.
Düşünürəm ki, bu, ölkəmizdə süni intellekt ekosisteminin formalaşmasında da irəliyə doğru bir addımdır.
Əminəm ki, “Milli Süni İntellekt Mərkəzi” MMC-nin işləri yalnız “AI Academy” ilə tamamlanmayacaq.
Qurum süni intellektin inkişafı istiqamətində daha uğurlu layihələr həyata keçirəcək.
Ölkənin ən nəhəng və ən zəngin qurumlarından olan AZCON-nun “Milli Süni İntellekt Mərkəzi”nə dəstək verəcəyini bildirməsi isə gözləntilərimizi daha da gücləndirir.