Vaxt.Az

Üç dəqiqədə xəritədən silinib


 

Peruda qəsəbə dağ tərəfindən necə udulub?

Üç dəqiqədə xəritədən silinib Perunun incisi Yunqay qəsəbəsi, dünyanın ən ölümcül torpaq sürüşməsi nəticəsində üç dəqiqə ərzində xəritədən silindi. Sağ qalanlar isə möcüzəvi hekayələr danışıb.

And Dağlarına yürüş üçün yola çıxanların marşrutunda yer alan Huaraz, Kordillyera Blanka sıra dağlarının qapısı kimi tanınırdı.

Lakin Huarazın bir qədər arxasında yerləşən Yungay qəsəbəsi Peru tarixinin ən faciəli təbii fəlakətlərindən birinin simvolu olaraq yadda qalıb.

31 may 1970-ci ildə saat 15:23-də Perunun Ankaş bölgəsində baş verən güclü zəlzələ, Huaskaran dağı zirvəsindən nəhəng buz və qayadan ibarət kütlənin ayrılmasına səbəb oldu.

Saatda 180 kilometrdən çox sürətlə sürüşərək aşağıya enən bu ölümcül buz Yungay qəsəbəsini üç dəqiqə ərzində xəritədən sildi.

O zaman təxminən 20 min nəfərin yaşadığı və "Huaylas dərəsinin incisi" adlandırılan Yungay, milyonlarla ton palçıq, daş və buz altında qaldı.

Rəsmi məlumatlara görə, təxminən 18 min nəfər həyatını itirdi. Yalnız 400 nəfər müxtəlif yollarla sağ qaldı.

Faciənın ən dramatik hekayələrindən biri, şəhərin qəbiristanlığının yerləşdiyi süni təpəyə sığınan 92 nəfərlə bağlıdır.

Palçıq dalğası vadini keçərkən buraya dırmaşmağı bacaranlar üç gün boyunca soyuq və aclığa qarşı mübarizə apardı. Peru ordusu və qonşu ölkələrdən gələn yardımlar helikopterlərlə bu təpəyə çatdırıldı.

Təxminən 300 uşaq isə o vaxt qəsəbənin kənarındakı stadionda sirk tamaşasında idi. Onlar daha yüksək mövqedə yerləşən stadion sayəsində sağ qaldılar. Şahidlərin sözlərinə görə, onları təhlükəsiz əraziyə yönəldən şəxs bir kloun olub.

Bu gün Yunqayın köhnə yaşayış sahəsi, Kampo Santo adı verilmiş anım sahəsi və açıq hava muzeyi kimi ziyarət olunur. 1970-ci il Yunqay fəlakəti yalnız Peru üçün deyil, dünyanın tarixinə düşmüş ən ölümcül torpaq sürüşməsi hesab olunur.

Bələdçi Xuan Markez Sançezin atası həmin gün təpəyə qaçan şanslılar arasında olduğunu deyir. Anası isə uşaqlıqda fəlakətdən sağ qalanlardan biridir.

Sançez dağla bağlı hekayələri belə izah edir: “Bizim burada bir söz var: Huaskaranın fotoşəklini çəkirsən, dağ utanır. Olanları bilir və buludların arxasında gizlənir”.

 





11.09.2025    çap et  çap et