Vaxt.Az

Yeni baş nazir ölkəsini NATO-da görmək istəyir


 

Bunun üçün xalq səsverməsinə ehtiyac yoxdur

Yeni baş nazir ölkəsini NATO-da görmək istəyir Finlandiya mətbuatının yaydığı xəbərə görə, Finlandiyanın yeni baş naziri Aleksandr Stubb ölkəsinin NATO-ya qoşulmasını istəyir. Məlumatı «Novinite» yayıb.


Stubb həmçinin Milli Koalisiya Partiyasının (NCP) sədri seçilib. O, 2015-ci il növbəti parlament seçkilərinə qədər baş nazir olacaq. Stubb 2011-ci ildən indiyədək Avropa İttifaqı (Aİ) ilə əlaqələr və Xarici Ticarət üzrə nazir vəzifəsində çalışıb. 2008-2011-ci illərdə xarici işlər naziri, 2004-2008-ci ildə isə Avropa Parlamentinin üzvü olub.

Yurki Kataynen (Jyrki Katainen) bu yaxınlarda bildirmişdi ki, Aİ-də çalışmaq üçün əvvəlcə baş nazir vəzifəsindən getməlidir. Onun istefasından sonra bütün kabinet istefa verdi.

Finlandiyanın gündəlik «Helsinki Times» qəzeti yazır ki, hakim NCP partiyası Stubbun rəhbərliyi dövründə sağa meyl edə bilər. Finlandiyanın NATO-ya qoşulmaq arzusu bunu göstərir. Finlandiya vətəndaşları buna etiraz etsələr də, Stubb uzun illər bu arzusunu qoruyub saxlayıb.

Stubb hesab edir ki, ölkəsi 1995-ci ilə - Aİ-yə qoşulduğu vaxtlara qayıtmalıdır. «Yle» telekanalının yaydığı xəbərə görə, Stubb həmin vaxt bildirmişdi ki, Finlandiya xalq səsverməsi olmadan da NATO-ya qoşula bilər.

Helsinki bu yaxınlarda NATO ilə Anlaşma Memorandumu imzalayaraq alyansla əlaqələrini yaxşılaşdırıb. Üzvlük haqqında isə danışıq aparılmayıb.

Qeyd edək ki, Finlandiya İkinci Dünya müharibəsindən sonra öz neytrallığını və heç bir hərbi birləşməyə qoşulmayacağını rəsmi olaraq elan etmişdi.

 





18.06.2014    çap et  çap et