Vaxt.Az

AMB qərarını dəyişmədi


 

Proqnozlar hədəfə yaxın olub

AMB qərarını dəyişmədi Avropa Mərkəzi Bankı (AMB) sentyabr ayının iclasında gözlənildiyi kimi faiz dərəcələrinə toxunmadı. Bankın açıqlamasına əsasən, depozit faizi 2%, əsas refinanslaşdırma faizi 2,15%, marjinal borclanma faizi isə 2,40% səviyyəsində saxlanıldı.

AMB-nin bəyanatında bildirildi ki, inflyasiya hazırda orta müddətli hədəf olan 2%-ə yaxın hərəkət edir və qurumun inflyasiya mənzərəsinə dair əvvəlki qiymətləndirməsi ümumilikdə dəyişməyib. Bankın yenilənmiş proqnozları isə gələn il istehlak qiymətlərində 1,7%-lik artımın gözlənildiyini göstərir. Bu göstərici əvvəlki 1,6%-lik proqnozdan bir qədər yüksək olsa da, hədəfə yaxın hesab olunur. 2027-ci ildə isə artım tempinin 1,9%-ə qədər geriləyəcəyi ehtimal edilir.

Makroiqtisadi mənzərəyə gəlincə, Avrozonada ümumi daxili məhsulun (ÜDM) bu il 1,2%, 2026-cı ildə isə 1% artacağı gözlənilir. Bank iqtisadi artıma dair risklərin əvvəlkindən daha balanslı olduğunu qeyd edir.

Qərarın ardınca keçirilən mətbuat konfransında AMB prezidenti Kristin Laqard, Avrozonada daxili tələbin güclü olduğunu, əmək bazarının sabit inkişaf etdiyini və dövlət xərclərinin investisiyalara dəstək verdiyini bildirdi. Onun sözlərinə görə, güclü avro məzənnəsi səbəbindən baza inflyasiyada geriləmə müşahidə ediləcək.

Laqard həmçinin vurğuladı ki, dezinflasiya prosesi başa çatıb və inflyasiya artıq istənilən səviyyədədir. Onun sözlərinə görə, Avrozonanın iqtisadiyyatı artım yolunda olsa da, bankın siyasəti diqqətlə izlənəcək və şərtlərə uyğun dəyişikliklər edilə bilər.

 





11.09.2025    çap et  çap et