Dünən Polşa Mərkəzi Bankı (NBP) qızıl ehtiyatlarını rezerv varlıqlarının 30%-inə çatdırmaq planlarını açıqlayıb. Bu addım ölkənin maliyyə təhlükəsizliyini gücləndirməyi hədəfləyir.
NBP, qızıl alımlarının vaxtı və həcminin bazar şərtlərinə uyğun müəyyən ediləcəyini bildirib.
NBP-in sədri Adam Qlapinski elektron poçt vasitəsilə göndərilən açıqlamada, “Qlobal qarışıqlığın yaşandığı və yeni maliyyə düzəninin axtarıldığı bu çətin dövrlərdə, qızıl dövlət rezervləri üçün yeganə etibarlı investisiyadır”, – deyib.
Qlapinski keçən həftə, bankın idarə heyətinə qızıl üçün rezerv hədəfinin 30%-ə qaldırılması təklifini verəcəyini bildirib.
Polşa Mərkəzi Bankı, Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən sonra qızıl alımlarını əhəmiyyətli dərəcədə artırıb. NBP hazırda 515 tonadək qızıl saxlayır ki, bu da ümumi rəsmi rezerv varlıqlarının təxminən 22%-ni təşkil edir.
Mərkəzi banka görə, NBP-nin valyuta ehtiyatlarının ümumi dəyəri 953 milyard zlotidən (təxminən 261 milyard dollar) çoxdur.
çap et