“Miss France: Du Rêve à la Réalité” (Miss France: Xəyaldan Gerçəyə) adlı kitabın müəllifi Hyuber Geren (Hubert Guérin) yarışmanın əfsanəvi prezidenti Jenivyev də Fontenenin (Geneviève de Fontenay) son köməkçilərindən biridir. Kitab üçün həyatda olan 60 keçmiş “Miss France” tac sahibi ilə görüşən Guérin, bir çox iştirakçının yaşadıqlarını dinləyərkən böyük şok yaşadığını bildirdi.
Fransanın “Le Progrès” qəzetinə danışan Geren, “Heç xəyal edə bilməyəcəyim gizli tərəflə qarşılaşdım. Bu yarışma qadınları əzən bir maşın kimidir”, – deyib.
Görüşülən qadınlardan biri yaşadıqlarını belə izah etdi: ““Miss France”a canlı gəldim, o ili ölü biri kimi bitirdim”.
Bəzi qadınlar yaşadıqları təcavüz və istismar hadisələrini ətraflı izah etdilər. Bir “Miss France”, “Tacımı geyindiyim il təcavüzə məruz qaldım”, – deyib.
Başqa biri, “Tacımı geyindikdən bir gün sonra cinsi əlaqəyə məcbur edildim”, – əlavə edib.
Foto çəkilişləri zamanı əl ilə təcavüzə uğrayan qadınlar da olub. Geren bir hadisəni belə izah edib: “Adı açıqlanmayan bir kişi bütün otaqları gəzir və iştirakçılarla şəkil çəkdirirdi. Hər birinin ayaqlarına əlini qoyurdu”.
Hadisələr 1990–2002-ci illər arasında baş verib
Gerenin verdiyi məlumata görə, hadisələrin böyük əksəriyyəti 1990–2002-ci illər arasında baş verib. 1981–2007-ci illərdə yarışmanın prezidenti olmuş Jenivyev də Fontenenin Gerenin iddiasına görə, bu hadisələrdən xəbəri yox idi. “O, həmişə iştirakçıları qorumağa çalışırdı”, – deyib.
2002 “Miss France” titulunu qazanan və daha sonra təşkilatda rəhbər olmuş model Silvi Tellie (Sylvie Tellier) də, eyni şəkildə, bu hadisələrdən xəbərsiz olduğunu bildirib. Lakin işə başladığı ilk andan etibarən sistemdə köklü dəyişikliklər etdiyini açıqlayıb. Tellie, səhnə arxasına icazəsiz girişləri qadağan edib, təhlükəsizlik işçiləri təyin edib və kişi personalın çoxunu qadınlarla əvəz edib. Gerenə görə, bu tədbirlər riskləri ciddi şəkildə azaltdı.
Kitab hələ tərcümə olunmayıb
2025-ci sentyabrın 8-də yayımlanan kitab hazırda yalnız Fransızca çap olunub. Hələ başqa dillərə tərcüməsi yoxdur. Yarışmanın 100-cü ili üçün nəzərdə tutulmuş bir qeyd əvəzinə, Fransız ictimaiyyəti dərin bir şokla üzləşdi. Hələlik bütün adlar anonim saxlanılsa da, iddiaların ciddiliyi həm təşkilatı, həm də gözəllik yarışmalarına baxışı yenidən nəzərdən keçirməyə vadar edir.