Məhkəməyə sədrlik edən 5 hakimin 4-ü ittihamı təsdiqləyib və ifrat sağçı sabiq dövlət başçısını ağır cəzaya məhkum edib. Bolsonaro “zorakılıqla demokratik quruluşu devirməyə cəhd, çevriliş təşəbbüsündə iştirak, silahlı cinayət təşkilatına üzvlük və dövlətə məxsus qorunan irsə ziyan vurmaq” ittihamlarından təqsirli bilinib.
Yerli mediaya görə, məhkəmə sabiq prezidentlə yanaşı digər 7 təqsirləndirilənə də 2 ildən 26 ilə qədər dəyişən həbs cəzaları verib. Braziliya mediası qərarı “tarixi” kimi dəyərləndirib. Çünki ölkə tarixində ilk dəfə olaraq bir keçmiş dövlət başçısı demokratik institutlara qarşı törədilən cinayətlərə görə bu şəkildə məhkum edilib.
Ali Məhkəmənin Birinci Palatasının sədri Kristiano Zanin açıqlamasında təqsirləndirilən şəxslərə dair təqdim edilən sübutların əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, əldə olunan faktlar ittiham olunan şəxslərin demokratik hüquq dövlətini məhv etməyə çalışdıqlarını sübut edir: “Prokurorluq hierarxik quruluşa malik cinayət şəbəkəsini Bolsonaro hakimiyyətdə qalmaq məqsədilə bütün vasitələrdən istifadə etməyə hazır bir plan çərçivəsində təsvir etməyi bacardı”.
Məlumata görə, Bolsonaro cəzasını ev dustaqlığında, paytaxt Braziliyadakı yüksək təhlükəsizlikli həbsxanada xüsusi kamerada və ya hərbi qışlada çəkmək imkanı əldə edə bilər.