Məsələ ilə bağlı dörd müxtəlif mənbəyə əsaslanan xəbərdə qeyd olunur ki, ABŞ bu təşəbbüslə Moskvanı Ukrayna ilə sülh danışıqlarına məcbur etməyi hədəfləyir. “G7”nin maliyyə nazirləri yaxın bu gün keçiriləcək videokonfransda ABŞ-ın təklifini müzakirə edəcəklər. Bu proses ABŞ Prezidenti Donald Trampın barışıq əldə etmək istiqamətində səylərini artırdığı bir dövrə təsadüf edir.
ABŞ Maliyyə Nazirliyinin sözçüsü “Financial Times”a açıqlamasında Çinin və Hindistanın davam edən neft alışlarının Vladimir Putinin müharibə maşınını maliyyələşdirdiyini və bunun müharibəni uzatdığını deyib. Onun sözlərinə görə, Vaşinqton müharibə bitən gün aradan qaldırılacaq, amma indilikdə mənalı təsir göstərə biləcək tariflər tələb edir.
Mənbələr bildirir ki, ABŞ 50% ilə 100% arasında dəyişən yeni vergilər təklif edir. Ötən ay Vaşinqton Hindistanın Rusiyadan neft idxalını əsas gətirərək bu ölkədən edilən bəzi mallara tətbiq olunan tarifləri ikiqat artırmışdı. Bu ilin əvvəlində isə Tramp Çindən idxal olunan mallara yeni tariflər tətbiq etmiş, lakin daha sonra həmin rüsumları qismən azaltmışdı.
“G7”yə ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniya daxildir.