Vaxt.Az

Neft ucuzlaşıb


 

Qiymətlərin əsas enişi dünən baş verib

Neft ucuzlaşıb Neft qiymətləri qlobal bazarda təklifin artacağı proqnozları və tələbin zəifləməsi ilə bağlı narahatlıqlar fonunda enməyə davam edir. Bu gün “Brent” markalı neftin qiyməti 30 sent azalaraq bir barel üçün 66,07 dollara, ABŞ xam nefti isə 31 sent geriləyərək 62,06 dollara düşüb. Hər iki göstərici dünən müvafiq olaraq 1,7% və 2% dəyər itirmişdi.

Qiymətlərin əsas enişi dünən baş verib. Buna səbəb Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatı olub. Hesabatda bildirilirdi ki, OPEC və Rusiyanın da daxil olduğu OPEC+ ölkələrinin nəzərdə tutduğu hasilat artımları sayəsində qlobal neft təklifi bu il gözləniləndən daha sürətlə yüksələcək.

Bununla yanaşı, OPEC öz hesabatında 2025 və 2026-cı illər üçün qlobal neft tələbi ilə bağlı proqnozları dəyişməyib. Kartel dünya iqtisadiyyatının sabit böyümə trayektoriyasını davam etdirdiyini vurğulayıb.

OPEC+ isə Səudiyyə Ərəbistanının bazar payını artırmaq istəyi fonunda oktyabr ayından etibarən hasilat kvotalarını daha da yüksəltməyi planlaşdırır.

Ticarət mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanının Çinə neft ixracı oktyabrda artacaq. Dövlətə məxsus enerji şirkəti “Aramco”nun gələn ay Çinə gündəlik təxminən 1,65 milyon barel xam neft göndərməsi gözlənilir. Bu rəqəm sentyabr üçün nəzərdə tutulan 1,43 milyon bareldən xeyli yüksəkdir.

 





12.09.2025    çap et  çap et