Vaxt.Az

Makrondan “mən də varam” addımı


 

Fransa Polşaya “Rafale” qırıcıları göndərir

Makrondan “mən də varam” addımı Fransa Prezidenti Emmanuel Makron, Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava məkanını pozmasının ardından bu ölkə üzərindəki NATO hava müdafiəsini gücləndirmək məqsədilə Fransız “Rafale” döyüş təyyarələrini göndərəcəyini açıqlayıb. Makron “X” sosial media hesabından paylaşım edərək Polşanın hava məkanının qorunması məsələsində NATO Baş Katibi Mark Rutte, Böyük Britaniya Baş Naziri Keir Starmer və Polşa Baş Naziri Donald Tusk ilə görüşdüyünü bildirib.

Makron qitə təhlükəsizliyinin mütləq prioritet olduğunu vurğulayaraq, “Rusiya tərəfindən Polşaya yönəlmiş PUA hücumlarından sonra NATO müttəfiqlərimizlə birlikdə Polşa hava məkanının və Avropanın şərq hissəsinin qorunmasına töhfə vermək üçün 3 “Rafale” döyüş təyyarəsini yerləşdirməyə qərar verdim”, – deyib

Eyni zamanda, Polşa şərq sərhədlərində hava hərəkətinə məhdudiyyətlər tətbiq edib. Polşa Silahlı Qüvvələrinin Hərəkət Komandanlığı “X” sosial media platformasında açıqlama verərək, “Dövlətin təhlükəsizliyini təmin etmək məqsədilə 10 Sentyabr – 9 Dekabr tarixləri arasında Polşanın şərq hissəsində məhdud zonada hava hərəkətinə məhdudiyyət tətbiq edilib”.

Polşa sentyabrın 10-da Ukraynadakı hədəflərə Rusiya tərəfindən təşkil edilmiş hücumlar zamanı hava məkanını dəfələrlə pozan xeyli PUA-nın vurduğunu açıqlamışdı. Rusiya Müdafiə Nazirliyi isə Ukraynadakı hərbi hədəflərə intensiv hücumlar təşkil edildiyini, Polşadakı obyektlərin isə bu hücumlarda hədəf alınmadığını bildirib.

 





12.09.2025    çap et  çap et