Vaxt.Az

Kreml Polşa əməliyyatı ilə nə etmək istəyir?


 

Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı

Kreml Polşa əməliyyatı ilə nə etmək istəyir? Putin NATO-nu test edir. Həm də bu addımı ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) sammitindən sonra atır. Çox güman ki, Çin və Hindistan Rusiyaya orta əsrlərdə qala qapılarını açmaq, qırmaq üçün istifadə olunan “qoç başı” kimi baxır. Kremlə ona görə dəstək verirlər ki, Moskva məhz bu funksiyanı yerinə yetirsin, Putinin bu rolu oynamaqdan başqa seçimi yoxdur, çünki, Pekin və Dehlidən çox asılıdır. Qərb “qlobal cənubu” daha çox sıxmağa başlayan kimi, onlar da öz “qoç başları” ilə Qərbin qapısını, NATO adlı “qalasını” döyməyə başlayırlar.

Rusiya rəsmi açıqlamalarda NATO ölkələrini hədəf almadığını dəfələrlə bəyan etsə də, təhlükə illüziyası yaratmaq, hibrid təsirləri artırmaqla NATO ölkələrini daha çox öz təhlükəsizlikləri haqqında düşünməyə, davranmağa vadar edir. Yəni, əgər Polşa, Rumıniya, Macarıstan və Baltik ölkələrinin hava məkanlarına DAİMİ təhlükə olacaqsa, sizcə, əlavə “Patriot” hava müdafiə sistemlərini Ukraynaya verəcəklər, yoxsa NATO hava məkanının müdafiəsini gücləndirəcəklər?! Məncə, cavab aydındır, zatən “Patriot”lar çatmır, əgər NATO-ya təhlükə artmasa, əldə olanları Ukraynaya daha rahat verə bilərdilər, indi bu sual altına düşür. Rusiya üçün məqbul ssenari də məhz budur – əlinizdə olanı Ukraynaya verməyin, özünüzə təhlükə var, artacaq, öz hava məkanınızı qoruyun. Yəni, Putin bu addımlarını artıracaq, pilotsuz uçuş aparatları (PUA) daha tez-tez “təsadüfən” NATO ölkələrinə tərəf uçacaqlar.

Polşaya 17 Rusiya PUA-rının qalıqları düşüb, dəqiq məlum olan budur ki, onların üçünü “F-35” təyyarələri “AIM-9 Sidewinder” raketləri ilə vurub. Həmin raketin 1 ədədi 400 min avrodur, Polşa tərəfə uçan PUA-ların dəyəri isə 30 min avrodur. NATO 90 min avro dəyəri olan 3 PUA-nı vurmaq üçün 1,2 milyon avro xərcləyib. Dəyər məsələsi vacibdir, amma, daha təhlükə odur ki, Rusiya bir gündə 1000 ədəd 30 min avroluq PUA istehsal edə bilir, 400 min avroluq “AIM-9 Sidewinder” raketinin istehsalı daha çətindir, NATO ölkələrinin ehtiyatlarını nəzərə almasaq (bilinmir nə qədərdir), NATO ölkələri bir ilə 1000-1500 belə raket istehsal edə bilər. Yəni, Rusiya 10 gün NATO ölkələrinə tərəf gündə 100 PUA buraxsa, NATO ölkələrinin 1 illik istehsal etdiyi raketlər 10-15 günə bitəcək.

NATO nə etməlidir, və ya, nə edə bilər?

NATO bu çağırışlara, təhlükələrə adekvat və sərt cavab verməsə, NATO-Rusiya “müharibəsi” Rusiyanın üstünlüyü ilə davam edəcək. Ukrayna ilə sərhəddə yerləşən NATO ölkələri dərhal qərar verməli, Ukrayna hava məkanını bağlamalıdır. Bunun üçün əsaslar yaranıb – Rusiya Ukrayna üzərindən Polşaya PUA-lar göndərib. NATO qərar verməlidir ki, NATO-Ukrayna sərhədi onların təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır və Rusiyanın Ukraynaya atdığı raket və PUA-ların Polşa, Macarıstan, Rumıniyaya tərəf uçmayacağına zəmanət olmadığı üçün, onlar Ukrayna səmasında NATO qüvvələri tərəfindən vurulacaq. Bu məqsədlə NATO “F-35”ləri AB ölkələri ilə Ukrayna sərhədində daimi növbədə olacaqlar, yəni, tək “Patriot”larla deyil, həm də “F-35”lərlə Ukrayna hava məkanı nəzarətdə olacaq.

Bu addım MÜDAFİƏ məqsədi daşıyır deyə, Rusiyanın buna etirazı absurd olacaq, lap elə etiraz etsə də, NATO belə bir addım atsa, Moskva geri çəkilmək haqqında düşünəcək. Yox əgər NATO “kağız aslan” olduğunu göstərsə, ancaq boş-boş bəyanatlar vermək üçün fəaliyyət göstərdiyi sübut olunsa, Kremlin NATO-nu dişinə vurması əməliyyatları daha da artacaq.

Qərb Ukrayna xalqının fəryadlarına, mübarizəsinə artıq adekvat cavab verməyə başlamalıdır, olmaz belə, yazıqdı o xalq, o dövlət...

 





12.09.2025    çap et  çap et