Culi Kozak keçirdiyi mətbuat konfransında qlobal iqtisadiyyata dair qiymətləndirmələrini paylaşıb.
ABD iqtisadiyyatına dair sualları cavablandıran Kozak deyib ki, son bir neçə ildə ölkə iqtisadiyyatı kifayət qədər dayanıqlı olduğunu göstərsə də, bəzi çətinliklərin ortaya çıxmağa başladığı müşahidə olunur.
Ölkədə daxili tələbin yumşaldığını və məşğulluğun yavaşladığını bildirən Kozak, tarif gözləntiləri və ilin əvvəlində idxalın önə çəkilməsinin ilin ilk yarısında iqtisadi göstəricilərdə dalğalanmalara səbəb olduğunu qeyd edib.
Kozak FED-in inflyasiyanı 2% hədəfinə uyğun izlədiyini görsə də, əsasən tariflər səbəbindən bəzi yuxarı yönlü risklərin mövcud olduğunu vurğulayıb.
İnflyasiyanın gedişi və əmək bazarındakı zəifləməni nəzərə alaraq balansı təmin etməyin FED üçün çətin olduğunu bildirən Kozak, “Ümumi qənaətimiz odur ki, tam məşğulluğa yönəlik aşağı riskləri nəzərə alaraq, FED-in faiz siyasətini endirməyə başlaması üçün bir imkan var”, – deyib.
O həmçinin FED-in gələcək aylarda məlumatlara əsaslanaraq ehtiyatla irəliləməsinin vacibliyini əlavə edib.
Məşğulluq artımındakı aşağı yönlü düzəliş tarixi orta səviyyədən bir qədər yuxarıdır
ABŞ-da məşğulluq göstəricilərinə edilən son düzəlişlərə toxunan Kozak bildirib ki, böyük düzəlişlər müşahidə edilib və bu, mart ayına qədər olan 12 aylıq dövrdə ilk açıqlanan məlumatlardan 911 min nəfər az olduğunu göstərir.
Kozak qeyd edib ki, düzəlişlər müxtəlif statistik və sorğu xətalarından qaynaqlana bilər və yalnız ABŞ-da deyil, bütün ölkələrdə tez-tez baş verir. Bununla yanaşı, bu düzəlişin tarixi orta səviyyədən bir qədər yüksək olduğunu vurğulayıb.
O bütün üzv ölkələrin iqtisadiyyatlarına dair doğru, etibarlı və vaxtında məlumatların yayımlanmasını güclü şəkildə dəstəklədiklərini və məlumat şəffaflığının bütün ölkələrdə iqtisadi idarəçiliyin etibarlılığını artırdığını qeyd edib.
“Siyasət qeyri-müəyyənliyi yüksək qalmaqdadır”
Kozak qlobal iqtisadiyyatla bağlı isə iyul ayında yayımlanan Qlobal İqtisadi Görünüş Hesabatından bəri məlumatların, xüsusilə ikinci rübün artım nəticələrinin, ümumilikdə dayanıqlı olduğunu bildirib.
Asiyada ticarətdə malların normaldan əvvəl alınması və bəzi ölkələr tərəfindən verilən maliyyə dəstəkləri kimi faktorların iqtisadiyyatların dayanıqlı qalmasına kömək etdiyini qeyd edən Kozak, ABŞ-da isə texnologiyaya yatırımlar və xalis ticarətin ölkədə böyüməni dəstəklədiyini bildirib.
“Ticarət razılaşmaları ABŞ-dakı tarif səviyyəsini aprel ayındakı yüksək göstəricilərə görə azaltsa da, effektiv tarif səviyyəsi hələ də 2024 səviyyələrindən xeyli yuxarıdır. Siyasət qeyri-müəyyənliyi yüksək qalmağa davam edir”, – Kozak deyib.
Hadisələri yaxından izlədiklərini vurğulayan Kozak bildirib ki, hazırda oktyabr ayında yayımlanacaq Dünya İqtisadi Görünüş Hesabatını hazırlayırlar və hesabat çərçivəsində ticarət, qlobal iqtisadiyyat və inflyasiya ilə bağlı ətraflı tablo yaradacaqlar.