Vaxt.Az

Yığılan kinin mənbəyi


 

Nepaldakı hadisələrin kökündə dayanan əsl səbəblər nələr idi?!

Yığılan kinin mənbəyi Nepal çox çətin və ağır coğrafi mövqeyi olan bir ölkədir. Tarixi keçmişi də coğrafiyası qədər keşməkeşlidir. Elə iki qonşusunun: Çin və Hindistanın adını çəkmək kifayət edir ki, real mənzərə göz qabağına gəlsin: sivilizasiyaların “qucağındakı uşaq”.

Ani qığılcım nəticəsində alovlanan proses təsirini bağışlasa da Nepalda bu gün yaşananların dərin kökləri var. Heç də baş verənlərin səbəbi  ölkədə sosial şəbəkələrin qapadılması ilə bağlı deyil, bu birbaşa əhalinin sosial  durumuna bağlı məsələdir, sadəcə sosial şəbəkələrin qapadılması və ona tətbiq olunan senzuralar “alova tökülən benzin” təsirini bağışladı. Halbuki sosial şəbəkələrlə bağlı tətbiq olunacaq qadağaların təməli hələ 2 il öncə qoyulmuşdu, dırnaqarası hakimiyyətin qanun layihəsi ilə. Sadəcə bunu zaman alaraq, mərhələli şəkildə etmək niyyətində idilər.

Bəs yığılan bu kin haradan idi?!

Sözsüz ki, monarxiya dövründən yığılıb qalan problemlər, yaxşılaşmaq əvəzinə günü-gündən ağırlaşan sosial rifah.

Konkret nələr:

– misli görülməmiş işsizlik

– heç bir sosial təminatı olmayan əhalinin 2/3 hissəsinin kəndlərdə cəmlənməsi

– ÜDM-in 1/3 xaricdə yaşayan və işləyən nepallı əməkçi miqrantların köçürülmüş pulları hesabına formalaşması.

Təsəvvür edirsiniz Himalay və ora olan turist axını olmasa bu ölkənin olan qalan əhalisi də aclığa məhkumdur.

Digər məsələ vətəndaşlar heç bir mənəvi və maddi stimulun olmamasıdır. Belə ki, yoxsulluq və səfalətin içərisində yaşayan şəhər əhalisinin yaşadığı küçənin paralel məhəlləsində turistlər üçün dəbdəbəli kazionalar və əyləncə mərkəzləri. Parlaq, gözqamaşdıran həyatın imitasiyası formaşalıb.

Və ən nəhayət: “Nepo kids” (Nepo uşaqları) adlı icmalar - bunlar tutduqları mövqe və sərvətləri ilə öyünən məmur övladlarıdır ki, öz dəbdəbəli həyatları, həyat tərzləri ilə sosial şəbəkələrdə fenomenə çevriliblər. Xüsusilə də ölkədə ləğv edilməyən “Tiktok” sosial şəbəkəsində onlar xaricə səfərlərindən danışır, brend paltarlarda pozalar verir, dəbdəbəli həyat tərzi ilə öyünürlər.

Göründüyü kimi məsələnin kökündə dayanan əsas səbəblər heç də sosial şəbəkələrin qapadılması ilə bağlı deyilmiş, bu ölkədə olan sosial uçurumun gətirib çıxardığı nəticələrin “barı” imiş. Sadəcə hakimiyyətin qanunun icrasına girişməsi kütlənin qəzəbinə səbəb oldu və ekranlarda, sosial mediada küçələrdə cəsədlərin görüntüləri qarşısıalınmaz prosesə çevrildi. Nəticədə lidersiz Nepal xalqı qarşısına çıxan hər kəsi və hər şeyi yandırıb yaxdı, sözün həqiqi mənasında.

Ən vacib məqam isə bu hadisələr tarixə “Z nəsli”nin ilk İnqlabı kimi düşdü, heç bir lideri olmayan kütlənin inqilabı. Proseslər lidersiz “Ərəb baharını” xatırlatsa da bu dəfə bunu edən yeni, “Z nəsli” idi.

 





12.09.2025    çap et  çap et