Vaxt.Az

6 ayda 12 mindən çox şirkət çöküb


 

Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində

6 ayda 12 mindən çox şirkət çöküb Almaniyada 2025-ci ilin iyun ayında şirkət iflasları 18%-dən çox artaraq son 10 ilin ən yüksək göstəricisinə çatıb. Ən çox təsirlənən sahələr arasında sənaye sektorları var.

İyun ayında iflas edən şirkətlərin sayı 1957-yə yüksəlib. Bu rəqəm ötən ilin eyni ayı ilə müqayisədə 18,4% artım deməkdir.

Alman Sənaye və Ticarət Palataları Birliyi (DIHK) tərəfindən açıqlanan məlumatlara görə, bu göstərici son on ildə qeydə alınan ən yüksək iflas səviyyəsi kimi tarixi statistikalara düşüb.

İlin ilk yarısında məhkəmələrə ümumilikdə 12009 şirkət iflas müraciəti təqdim edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% artım deməkdir.

DIHK xəbərdarlıq edib ki, mövcud tendensiya davam edərsə, 2025-ci ilin sonuna qədər iflas edən şirkətlərin sayı 22 mini aşa bilər. Bu da 2024-cü illə müqayisədə nəzərəçarpacaq dərəcədə artım deməkdir.

 

Sənaye sektorları risk altında

 

DIHK rəsmiləri vurğulayıblar ki, iflasların artmasının əsas səbəblərindən biri Almaniya iqtisadiyyatında uzunmüddətli durğunluqdur. İxracata əsaslanan avtomobil, kimya, dərman və maşın istehsalı kimi sənaye sahələri qlobal ticarətdəki qeyri-müəyyənlikdən ciddi şəkildə təsirlənir. Bundan başqa, yüksək enerji qiymətləri, işçi qüvvəsi xərcləri və bürokratik yüklər də şirkətləri çətin vəziyyətə salan amillərdəndir.

DIHK baş iqtisadçısı Volker Treyer xüsusilə sosial sığorta sistemində struktur islahatlara ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, əgər bu sahələrdə təcili dəyişikliklər edilməzsə, məşğulluq təmin edən iri şirkətlər üzərində maliyyət təzyiqi daha da artacaq və iflas dalğası genişlənə bilər.

 





12.09.2025    çap et  çap et