Vaxt.Az

... 90-cı illər


 

Kimisi üçün günəşli idi, bəzilərinə görə şaxtalı olan ...

... 90-cı illər Bir az əvvəl təsadüfən bildim ki, ARKA-nın (Azərbaycan Respublikasının Kino Agentliyi) keçirdiyi müsabiqənin “pitçinq” mərhələsi (ssenarini və ya film ideyasını qısa, yaddaqalan və inandırıcı şəkildə təqdim etmək prosesi) canlı yayımla “Facebook” hesabında göstərilir. Təəssüf ki, çox az bir hissəsinə baxa bildim. Amma gördüyüm ondan əvvəlkiləri izləməyim üçün bəs elədi.

Deməli, çəkilməsi nəzərdə tutulan filmin rejissoru süjet və ona yanaşması haqqında danışır. Deyir ki, qəhrəmanın gəncliyi, aşiq olduğu dövrləri “flashback”la (geri dönüş və ya xatırlama səhnəsi) göstərəcək. Həmin səhnələr daha parlaq, günəşli olacaq.

Ayaz Salayev soruşur ki, “günəşli dediyin dövr ətin, yağın talonla satıldığı sovet dövrüdür?”

Rejissor deyir ki, “xeyr, 90-cı illəri nəzərdə tuturam”.

Ayaz Salayev bu dəfə də ironiya ilə deyir ki, “hə, Ağdərə işğal olunanda günəşli idi”.

Düzü, bayaqdan fikirləşirəm, amma onun niyə belə bir fikir irəli sürdüyünü heç cür başa düşmürəm. Birincisi, Ayaz müəllimə hamıdan yaxşı aydın olmalıdır ki (həyat təcrübəsi var), insan üçün əziz olan dövr gənclik illəri, xüsusilə aşiq olduğu vaxtlardır. Bir insan aşiq olubsa, sevirsə, ətrafında dünya müharibəsi baş versə də, ürəyində günəş olacaq. Ona görə 1970-ci illərdə dünyaya gəlmişlər üçün 90-cı illər gözəl, günəşli olub.

İkinci məsələ, axı 90-cı illər təkcə işğal tarixləri demək deyil. Qurtuluş, atəşkəs, Əsrin müqaviləsinin imzalanması, Konstitusiyanın qəbulu, nəhayət, Ayaz müəllimin ABA telekanalında apardığı fəlsəfi, sənət verilişləri də həmin 90-cı illər idi.

Üçüncüsü də, insan hissləri, ilk məhəbbət, keçmişi qaytarmaq mövzulu bədii filmdə hansı ili necə göstərməyin nə əhəmiyyəti? Bu istənilən “X” il ola bilər axı. Mənim üçün günəşli il, sizin üçün buludlu ola bilər.

 





12.09.2025    çap et  çap et