Yeni razılaşmaya əsasən, “Lenacapavir” iynəsinin ekvivalent versiyası illik 40 dollara (34 avro) satılacaq. Bu qiymət Avropada hər gün qəbul edilən və hazırda ən geniş istifadə olunan atma dərmanların səviyyəsinə uyğundur. Aşağı gəlirli ölkələrdə dərmana çıxışı yaxşılaşdırmaq üçün fəaliyyət göstərən “UNİTAİD”, bu planın xüsusilə qlobal səhiyyə büdcələrinin azaldığı və ABŞ-ın PEPFAR kimi böyük HIV proqramlarının gələcəyinin qeyri-müəyyən olduğu bir dövrdə önəmli olduğunu bildirib.
Razılaşma Avropa Dərman Agentliyi (EMA) və ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqdən yalnız bir neçə həftə sonra imzalanıb. Unitaid nümayəndəsi Cessika Berri bunun generik dərmanların (orijinal preparata ekvivalent alternativ dərman) bazara ən sürətli girişlərindən biri olduğunu deyib: “Bazarda daha çox generik olması rəqabəti artırır və qiymətləri aşağı salır”.
Müalicənin başlanğıc xərci isə nisbətən yüksək olacaq. İlk iynə ilə yanaşı xəstələr iki gün ərzində dörd tablet qəbul etməlidirlər; bu əlavə kursun qiyməti təxminən 16,8 dollar (14 avro) təşkil edir. Bu əlavə preparatlar qorumanın sürətlə başlamasına imkan verir. Növbəti altıaylıq inyeksiyalarda həblərə ehtiyac olmayacaq.
“Lenacapavir” HİV virusunun orqanizmdə çoxalmasını və yayılmasını əngəlləyən profilaktik müalicə növü (PrEP) kimi təqdim olunur. O, həm böyüklərdə, həm də yeniyetmələrdə yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır.
Preparatın istehsalçısı “Gilead” bu iki dəfəlik illik inyeksiya müalicəsini 2024-cü ilin ən böyük tibbi kəşflərindən biri kimi təqdim etmişdi. Lakin zəngin ölkələrdə onun illik dəyəri adambaşına 28 min dollardan (24 min avro) artıqdır.
“Gilead” aşağı gəlirli ölkələrdə iki milyon nəfərə dərmanı daha münasib qiymətlə təqdim etmək planlarını açıqlayıb, həmçinin altı generik istehsalçıya 120 aşağı gəlirli ölkədə “Lenacapavir” tədarükü üçün lisenziya verib. Bu prosesdə “UNİTAİD” “Dr. Reddy’s Laboratories”, Clinton Health Access Initiative (CHAI) və Vits HİV İnstitutu ilə logistika və təqvim məsələlərində əməkdaşlıq edib.
Berri bildirib ki, bəzi ölkələrdə müalicənin başlanğıc xərcləri Qlobal Fond kimi böyük donor təşkilatlar tərəfindən qarşılanacaq, digərlərində isə birbaşa hökumətlər ödəyəcək. Xüsusilə Afrika qitəsinin Səhraaltı bölgələrində, HIV yükünün yüksək olduğu ölkələrdə tələb artıq güclüdür.
“UNİTAİD” həmçinin “Gilead” razılaşmasına daxil olmayan orta gəlirli ölkələrdə də ucuz “Lenacapavir” satışını genişləndirməyə çalışır. Bu ölkələr arasında HİV yoluxmalarının artdığı Braziliya da var.