Vaxt.Az

“Vəzifədə qalması vacibdir”


 

Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı

“Vəzifədə qalması vacibdir” ABŞ-ın müxtəlif dövrlərdəki idarəetmə komandalarında yer almış nüfuzlu iqtisadçılar və dövlət rəsmiləri Ali Məhkəməyə müraciət ediblər. Onların arasında Federal Ehtiyat Sisteminin (FED) keçmiş sədrləri Alan Qrinspan (Alan Greenspan), Ben Bernanke (Ben Bernanke), Canet Yellen (Janet Yellen), həmçinin keçmiş maliyyə nazirləri Larri Sammers (Larry Summers) və Timoti Qeytner (Timothy Geithner) də var. Onlar FED İdarə Heyətinin üzvü Liza Kukun (Lisa Cook) vəzifəsində qalmasına icazə verilməsinin vacibliyini vurğulayıblar.

Müraciət, prezident Donald Trampın Kukun vəzifədən uzaqlaşdırılması təşəbbüsü ilə bağlı davam edən məhkəmə işinə münasibət olaraq təqdim olunub.

Sənəddə qeyd olunub ki, hökumətin Kukun vəzifədən uzaqlaşdırılması tələbinin qəbul edilməsi FED-i siyasi təsirlərə məruz qoyacaq. Bu cür addım ictimaiyyətin FED-in müstəqilliyinə inamını sarsıdacaq, ABŞ-ın pul siyasətinin etibarlılığını və effektivliyini təhlükə altına salacaq: “Mövcud vəziyyəti qorumaq, bu ölkədə pul siyasətini idarə edən sistemin müstəqilliyini və sabitliyini təmin edərək ictimai mənafeyə xidmət edəcək”.

Xatırladaq ki, Tramp avqustun 25-də FED İdarə Heyətinin üzvü Liza Kukun “ipoteka müqavilələrində yanlış bəyanatlara yol verdiyi” iddiası ilə vəzifədən uzaqlaşdırıldığını elan etmişdi.

O, sosial şəbəkədə Kuk üçün yazdığı məktubu paylaşaraq FED qanununun ona verdiyi səlahiyyətlərə istinad etmiş və “İdarə Heyətindəki vəzifənizdən dərhal azad olunursunuz” ifadəsini işlətmişdi. Tramp əlavə etmişdi ki, qanun ona “haqlı səbəb” olduqda İdarə Heyətinin üzvünü vəzifədən uzaqlaşdırmaq səlahiyyəti verir və Kukun fəaliyyəti buna əsas yaradır.

Bundan sonra Kuk Trampın qərarının qarşısını almaq üçün məhkəməyə müraciət etmişdi. Vaşinqton dairə hakimi Cia Kobb (Jia Cobb) “ipoteka dələduzluğu” ilə bağlı iddiaların Kukun vəzifədən uzaqlaşdırılması üçün yetərli əsas olmadığını müəyyən edərək onun vəzifədən uzaqlaşdırılmasını müvəqqəti dayandırmışdı.

Lakin Tramp administrasiyası bu qərardan apellyasiya şikayəti vermiş, lakin şikayət təmin olunmamışdı.

Son mərhələdə Tramp administrasiyası məsələyə Ali Məhkəmənin baxması üçün müraciət edib və FED rəsmisi Liza Kukun vəzifədə qalmasını təmin edən aşağı instansiya qərarının dayandırılmasını tələb edib.

 





26.09.2025    çap et  çap et