21 yaşlı futbolçu şənbə günü “Isthmian League Premier Division” çərçivəsində “Wingate & Finchley” klubuna qarşı keçirilən oyunda xəsarət alıb. Yaralanmanın beton divara çırpılma nəticəsində baş verdiyi ehtimal edilsə də, klub bu məlumatı təsdiqləməyib.
Ailəsinin cümə axşamı yaydığı bəyanatda bildirilib: “Billi sevdiyi idmanı oynayarkən belə bir hadisənin baş verməsi bizi sarsıtdı. Keçən şənbə ağır beyin zədəsi aldıqdan sonra o, süni komaya salındı. Çərşənbə axşamı sağalma şansını artırmaq üçün əməliyyat keçirildi. Lakin bütün səylərə baxmayaraq, zədə çox ağır idi və Billi cümə axşamı səhər dünyasını dəyişdi”.
“Arsenal” akademiyasının yetirməsi olan Viqar 2024-cü ildə klubdan ayrılmışdı. Karyerası ərzində həmçinin “Derby County”, “Eastbourne Borough” və “Hastings United” klublarında da forma geyinmişdi.
London klubu açıqlamasında bildirib: “Billi’nin ölüm xəbərini dərin kədərlə öyrəndik”.
“Arsenal” xatırladıb ki, Viqar 14 yaşında akademiyaya qoşulub, ilk mövsümündə 17 qol vuraraq diqqət çəkib, 2020-ci ildə təqaüd qazanıb və 2021-22 mövsümünün sonunda peşəkar müqavilə imzalayıb: “Billi sürətli, güclü və qətiyyətli oyunçu idi. Müxtəlif mövqelərdə oynaya bilməsi həm məşqçilərə, həm də komandasına olan bağlılığını göstərirdi. Onu təkcə istedadı ilə deyil, futbola olan sevgisi və klubumuzu təmsil etmək qüruru ilə də xatırlayacağıq”.
“Chichester City FC” isə açıqlamasında həftəsonu keçirilməsi nəzərdə tutulan “Lewes” qarşılaşmasının təxirə salındığını bildirib.