Berlində keçirilən kosmos konfransında çıxış edən müdafiə naziri Boris Pistorius bildirib ki, ayrılan vəsait 2030-cu ilə qədər müdafiə və hücum xarakterli hərbi kosmos layihələrinə yönəldiləcək. O, Qərb ölkələrinin Rusiya və Çinlə müqayisədə geri qaldığını və bu fərqin bağlanmasının vacib olduğunu vurğulayıb.
“Əgər Qərbin peyk naviqasiya sisteminə hər hansı hücum edilərsə, bu milyonlarla insana təsir edəcək. Ona görə də təcili olaraq hərbi resurslara sərmayə qoymaq lazımdır”, – Pistorius deyib. Nazir Alman ordusunda kosmik təhlükələrə qarşı yeni bölmələrin yaradılacağını da açıqlayıb.
Qərbin cavabı
Pistorius çıxışında Rusiya və Çini kosmosda casusluq, düşmənçilik aktları və peyk əleyhinə silahlar hazırlamaqda ittiham edib. O, Moskvanın 2022-ci ildə Ukraynaya hücumunu Qərbin təhlükəsizlik sistemində dönüş nöqtəsi kimi qiymətləndirib.
Almaniya kosmik və yer sistemlərinin qorunması, xüsusi kosmik nəqliyyat imkanlarının yaradılması və hücum qabiliyyətlərinin inkişafı üçün milyardlarla avro sərmayə qoyacaq. Nazir xüsusilə “birləşmiş peyk şəbəkələrinin qurulması və hücum imkanlarının yaradılmasına” diqqət çəkib və Almaniyanın NATO daxilində kosmik müdafiənin “əsas dayağına” çevrilməli olduğunu bildirib.
Rusiyadan gələn təhdidlər
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt parlamentdəki çıxışında Avropanın düşmən PUA-lara qarşı bir “silahlanma yarışına” girdiyini bildirib. O, Moskvanın son aylarda sabotaj, casusluq və sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərini artırdığını, PUA-lardan isə əsas alət kimi istifadə etdiyini deyib.
Berlin həmçinin Rusiyanı Polşa və Rumıniya sərhədlərində PUA pozuntularında, Estoniyanın hava məkanını döyüş təyyarələri ilə ihlal etməkdə günahlandırır. Danimarkadakı son hadisələrdə də şübhələrin Moskvanı göstərdiyi bildirilir.
Hərbi hazırlıqlar
Mühafizəkar siyasətçi Fridrix Mersin hakimiyyətə gəlməsindən sonra Almaniya iqtisadi çətinliklərə baxmayaraq Rusiyanın təhdidlərinə və ABŞ-ın azalan dəstəyinə cavab olaraq Avropada silahlanmada lider mövqeyini möhkəmləndirməyə çalışır.
Kansler Mers dünən Şərqi Almaniyaya səfəri zamanı “Rus hərbi aqressiyasına” qarşı “effektiv çəkindirmə tədbirlərinə” ehtiyac olduğunu bildirib.
Bunun fonunda Alman ordusu Hamburqda üçgünlük genişmiqyaslı təlimlərə başlayıb. Təlim ssenarisinə Baltik ölkələrinin sərhədlərində gərginliyin artması və NATO qüvvələrinin bölgəyə yerləşdirilməsi də daxildir.