AMB-nin dünən dərc etdiyi sorğuya əsasən, Avro Bölgəsi istehlakçılarının qarşıdakı 12 aya dair inflyasiya gözləntisi 2,6%-dən 2,8%-ə yüksəlib. Üç illik inflyasiya gözləntiləri sabit qalsa da, beş il üçün göstərici 2,2%-ə qalxıb.
Hazırda bölgədə illik inflyasiya 2% səviyyəsində sabitdir. AMB rəsmiləri qiymətlərin nəzarət altında saxlanıldığını və mövcud faiz dərəcələrinin uyğun olduğunu bildirirlər. Bununla yanaşı, bəzi mərkəzi bankçılar qarşıdakı iki ildə inflyasiyanın hədəfin altında qala biləcəyindən ehtiyat edir, digərləri isə Avropada artan müdafiə xərclərinin təsirlərinə diqqət çəkirlər.
AMB İdarə Heyətinin üzvü Peter Kazimir ötən gün verdiyi açıqlamada, “Artıq hədəflərimizə çatdığımızı fəxrlə deyə bilərik. İndi isə səbirli və qətiyyətli olmalı, zaman yetişəndə addım atmağa hazır olmalıyıq” deyib.
Sorğuya görə, Avro Bölgəsində iqtisadi kiçilmə gözləntiləri avqustda 1,2%-də dəyişməyib. İşsizlik gözləntiləri isə 10,6%-dən 10,7%-ə yüksəlib. Nominal gəlir artımı gözləntisi 0,9%-dən 1,1%-ə qalxıb.
Gələn il nominal istehlak xərclərinin artımı üzrə gözləntilər 3,3%-də sabit qalıb. Ev qiymətlərinin isə önümüzdəki 12 ayda 3,4% artacağı proqnozlaşdırılır. İpoteka faizlərinə dair gözləntilər isə dəyişməyərək 4,5% səviyyəsində qalıb.