Vaxt.Az

Bitkoin kritik həddə yaxınlaşır


 

Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində

Bitkoin kritik həddə yaxınlaşır Keçən həftə aparılan təhlillərdə “Bitcoin” üçün 117 min dollar müqaviməti və 114,6 min dollar dəstəyi əsas səviyyələr kimi göstərilmişdi. Lakin 117 minin üzərində qalma mümkün olmadı və kriptovalyuta həftəyə sərt satışlarla başladı. Qısa müddətli alışlar zəif qaldı və nəticədə qiymət 109 min dollara qədər gerilədi. Bu da göstərdi ki, 114,6 min dollar dəstəyinə davam gətirmək mümkün olmayıb və yüksəliş ssenarisi işə düşməyib.

Hazırkı mərhələdə “Bitcoin” yenidən düşən kanalın içinə qayıdaraq kanalın alt sərhədinə doğru yönəlib. Satışların güclənməsi ilə birlikdə texniki göstəricilər də təzyiqi artırır. Əgər 109 min dollarda yaranmış dəstək qırılsa, qiymət 107 min – 106,3 min dollar aralığında yeni dib axtara bilər. Bu həddin də altına eniş isə psixoloji 100 min dollar səviyyəsinin sınanmasına, hətta 94,8 min dollara qədər enişin gündəmə gəlməsinə yol aça bilər. Bununla yanaşı, 106 min dolların üzərində qalmaq bazara qismən nəfəs verə və alışların güclənməsi ilə 112 min – 115 min dollar zonası yenidən yoxlana bilər. Kanalın üzərində bağlanacaq həftəlik bağlanış isə yeni yüksəliş dalğasına start siqnalı kimi qiymətləndirilə bilər.

 

ABŞ-dan gələcək PCE göstəriciləri həlledici olacaq

 

Bazar iştirakçılarının diqqəti indi ABŞ-da açıqlanacaq rüblük Fərdi İstehlak Xərcləri (Personal Consumption Expenditure – PCE) qiymət indeksinə yönəlib. Bu göstərici Federal Ehtiyat Sisteminin ən yaxından izlədiyi inflyasiya meyarı sayılır və faiz siyasəti baxımından xüsusi önəm daşıyır.

Gözləntilərə görə, illik artım 2,9%, aylıq artım isə 0,2% səviyyəsində ola bilər. Əgər açıqlanacaq nəticələr proqnozlardan yüksək gələrsə, FED-in faiz endirimlərinə dair gözləntilər zəifləyəcək, riskli aktivlərdən qaçış sürətlənəcək və “Bitcoin” əlavə satış təzyiqi ilə üzləşə bilər. Əksinə, göstəricilər proqnozlara uyğun və ya daha aşağı səviyyədə elan edilərsə, bazarlarda rahatlama yarana bilər. Bu da riskli aktivlərə, o cümlədən “Bitcoin”ə tələbini gücləndirə bilər.

Ümumilikdə ABŞ iqtisadiyyatının davamlı güclü performansı inflyasiyanı yuxarıda saxlama ehtimalını artırır. Bu səbəbdən də bu gün açıqlanacaq PCE rəqəmləri kriptovalyuta bazarında qısamüddətli istiqaməti müəyyənləşdirəcək əsas faktor kimi qiymətləndirilir.

 





27.09.2025    çap et  çap et