Bu həftə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında İran prezidenti Məsud Pezeşkiyan və xarici işlər naziri Abbas Araqçı sanksiyaları dayandırmaq üçün son anda diplomatik təşəbbüslər göstəriblər. Lakin İranın dini lideri Əli Xameneyi ABŞ-la diplomatiyanı “tam çıxılmaz küçə” kimi xarakterizə edib.
Çin və Rusiyanın sanksiyaları önləmək səyləri də nəticəsiz qalıb.
İsrail-İran savaşından sonra gərginlik
Fransa, Almaniya və Böyük Britaniya avqustun 28-də İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişinə əməl etmədiyini bəyan etdikdən sonra 30 günlük sanksiya müddəti işə düşüb.
Tehran ABŞ-ın 2018-ci ildə Donald Trampın prezidentliyi dövründə birtərəfli şəkildə sazişdən çıxması ilə razılaşmanın etibarsız qaldığını iddia etsə də, bu mövqe qəbul edilməyib.
O vaxtdan bəri İran, xüsusilə iyunda İsrailin ölkəyə qarşı başladığı 12 günlük savaşın ardından, BMT-nin nüvə nəzarət orqanı – Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yoxlamalarını ciddi şəkildə məhdudlaşdırıb. Həmin müharibə zamanı həm ABŞ, həm də İsrail İranın əsas nüvə obyektlərini bombalayıb.
Araqçı Nyu-Yorkda çıxışında, “Bu, İran xalqının, xüsusilə də öz hüquqlarını müdafiə etmək iradəsini zəiflətməyəcək. Əsas məsələ bunun diplomatiyaya təsiridir. Diplomatiyanın yolunu bağladı”, – deyib.
“Snapback” sanksiyaları nədir?
2015-ci il nüvə sazişində iştirak edən diplomatların “snapback” adlandırdığı mexanizm BMT Təhlükəsizlik Şurasında veto edilməyəcək şəkildə hazırlanmışdı. Beləliklə, saziş tərəflərindən biri İranın öhdəlikləri pozduğunu Təhlükəsizlik Şurasına bildirdikdən 30 gün sonra sanksiyalar avtomatik işə düşürdü.
Bu proses Tehranın xaricdəki aktivlərini dondurur, silah alqı-satqısını dayandırır və ballistik raket proqramını hədəfə alır.
“Snapback” tətbiq etmək səlahiyyəti 18 oktyabrda başa çatacaqdı. Bu da Avropa ölkələrini həmin imkandan son dəfə istifadə etməyə sövq etmiş ola bilər. Əks halda, gələcəkdə istənilən sanksiya təşəbbüsü İranı dəstəkləyən BMT Təhlükəsizlik Şurasının üzvləri – Çin və Rusiyanın vetosuna tuş gələ bilərdi.
Çin hələ də İran neftinin əsas alıcısıdır və bu səbəbdən mexanizmin tətbiqi Pekini təsirləndirə bilər. Rusiya isə Ukrayna ilə müharibəsində İranın pilotsuz uçuş aparatlarına güvənir.
Qərbin narahatlığı
Tehran nüvə proqramının sülhməramlı olduğunu israrla bildirir, lakin bəzi rəsmi şəxslər nüvə silahı hazırlaya biləcəklərini də etiraf edirlər. Hazırda İran uranı silah səviyyəsinə yaxın həddə qədər zənginləşdirən, amma nüvə silahı proqramı olmayan yeganə ölkədir.
2015-ci il sazişinə görə, İranın yalnız 3,67% səviyyəsinə qədər uran zənginləşdirməsinə və 300 kiloqram ehtiyat saxlamasına icazə verilmişdi. Lakin MAQATE savaşdan az əvvəl İranın ehtiyatını 9874,9 kiloqram kimi qeyd edib ki, bunun 440,9 kiloqramı 60%-ə qədər zənginləşdirilmiş uran idi. Bu isə istəsə, Tehrana bir neçə nüvə silahı istehsal imkanı verə bilər.
ABŞ kəşfiyyat qurumları hələ ki, İranın rəsmi nüvə silahı proqramına başlamadığını, lakin “əgər istəsə nüvə cihazı hazırlamaq üçün əlverişli mövqeyə gəldiyini” qeyd edirlər.
Kritik nüvə obyektləri və sığınacaq dəlici zərbələr
İranın əsas zənginləşdirmə obyekti paytaxt Tehranın 220 km cənub-şərqində yerləşən Natanz nüvə kompleksidir. ABŞ və İsrail iyunda bu obyektə zərbə endirib. MAQATE-yə görə, hücumdan əvvəl orada uran 60%-ə qədər zənginləşdirilmişdi – silah səviyyəsinə çox yaxın. Kompleksin yeraltı hissəsi hava hücumlarından qorunmaq üçün tikilmişdi, burada uranı sürətlə zənginləşdirən santrifüj kaskadları yerləşdirilmişdi.
Agentlik bildirib ki, santrifüjelərin bir hissəsi İsrailin elektrik kəsintisi yaradan hücumu nəticəsində sıradan çıxdı. ABŞ da obyektə sığınacaq dəlici bombalar ataraq ciddi dağıntıya səbəb oldu.
Tehranın 100 km cənub-qərbindəki Fordo nüvə kompleksi də ABŞ-ın bunker dəlici bombaları ilə hədəfə alındı. ABŞ, İsfahan Nüvə Texnologiyaları mərkəzini isə daha kiçik silahlarla vurdu.
İsrail isə Araq ağır su reaktoru da daxil olmaqla proqramla əlaqəli digər obyektlərə ayrı-ayrılıqda hücum etdi.