Vaxt.Az

Qərbin sanksiyaları başladı


 

İran valyutası rekord həddə ucuzlaşdı

Qərbin sanksiyaları başladı İranın nüvə proqramı ilə bağlı 2015-ci ildə imzalanan razılaşma nəticəsində dayandırılan BMT sanksiyaları yenidən qüvvəyə minib. Bununla birlikdə İran rialı dollar qarşısında rekord həddə ucuzlaşıb.

Avropa ölkələri Tehrana danışıqların davamı üçün sanksiyaların 6 ay təxirə salınmasını təklif etmişdi. Şərt kimi BMT müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verilməsi tələb olunurdu. Lakin Tehrandan müsbət cavab gəlmədiyindən Böyük Britaniya, Fransa və Almaniya sanksiyaları yenidən işə saldı.

İranla 2015-ci ildə imzalanan nüvə sazişində ABŞ da iştirak etmişdi. Donald Tramp 2018-ci ildə ölkəsini bu razılaşmadan çıxardı.

BMT-nin bərpa olunmuş sanksiyaları Tehranla nüvə və ballistik proqramla bağlı bütün anlaşmaları qadağan edir. Tədbirlərə silah embarqosu, bütün uran zənginləşdirmə fəaliyyətlərinə icazə verilməməsi daxildir. Bundan əlavə, bəzi şəxslərə səyahət qadağası və hesabların dondurulması kimi məhdudiyyətlər tətbiq olunur.

“Snapback” prosesi 2015-ci il nüvə sazişində iştirak edən diplomatlar tərəfindən hazırlanıb. Bu mexanizm BMT Təhlükəsizlik Şurasında veto edilə bilməyəcək şəkildə təsbit olunub və tərəflərdən biri İranın şərtlərə əməl etmədiyini bildirdikdən 30 gün sonra avtomatik olaraq qüvvəyə minir.

 





29.09.2025    çap et  çap et