Vaxt.Az

“Hitlerin məqsədləri ilə eynidir”


 

Rusiyadan Almaniyaya sərt ittiham

“Hitlerin məqsədləri ilə eynidir” BMT-nin 80-ci Baş Assambleyasının sessiyasında iştirak üçün Nyu-Yorka səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Almaniyanı sərt şəkildə tənqid edib.

2004-cü ildən bu vəzifəni icra edən Lavrov, Almaniyanın hərbi xərcləri artırmaq qərarını hədəfə alaraq, “Məsələ yalnız hərbiləşdirilmə ilə məhdudlaşmır, yenidən nasistləşmənin açıq əlamətləri görünür. Bunun səbəbi nədir? Görünür, məqsəd Hitlerinki ilə ilə eynidir – bütün Avropaya hökmranlıq etmək və Sovet İttifaqını strateji məğlubiyyətə uğratmaq”, – deyib.

Lavrov, Almaniya kansleri Fridrix Merzin hər keçən gün daha militarist ritorika sərgilədiyini iddia edib: “Nasizm, faşizm, Holokost və soyqırımı cinayətlərini törətmiş bir ölkənin rəhbəri, Almaniyanın yenidən nəhəng hərbi gücə çevrilməli olduğunu deyirsə, bu, tarixi yaddaşın korlaşdığını göstərir. Bu isə olduqca təhlükəlidir”.

Merz bir neçə gün öncə Almaniyanın kiberhücumlar, diversiyalar və hibrid təhdidlərlə üzləşdiyini bildirərək, “Müharibədə deyilik, amma artıq sülh içində də yaşamırıq”, – demişdi.

Rusiyanın 2022-ci ildə başladığı işğaldan sonra ABŞ-dan sonra Ukraynaya ən çox silah göndərən ölkə Almaniya olub. Moskva isə Berlini “artıq müharibəyə birbaşa cəlb olunmaqda” ittiham edir.

Xatırladaq ki, Almaniya Bundestaqı 18 martda keçirilən tarixi səsvermədə müdafiə xərclərinin artırılmasına imkan verən qanun layihəsini təsdiqləyib. Sənəd Konstitusiyada müəyyən edilən yuxarı həddin aradan qaldırılmasını və 500 milyard avroluq infrastruktur fondunun yaradılmasını nəzərdə tutur.

 





29.09.2025    çap et  çap et