“John Innes Centre” mərkəzinin alimləri ümid edirlər ki, bu pomidorlar dünya üzrə təxminən 1 milyard insanda rast gəlinən “D” vitamini çatışmazlığı probleminin həllinə kömək edəcək.
“D” vitamini kalsium və fosforun mənimsənilməsində mühüm rol oynayır, sümük, diş və əzələ sağlamlığını qoruyur. Onun çatışmazlığı isə depressiya, demensiya və bəzi xərçəng növləri ilə əlaqələndirilir. Vitamin günəş şüaları vasitəsilə dəri tərəfindən təbii olaraq istehsal olunsa da, xüsusilə qış aylarında və bitki mənşəli qidalananlarda əksiklik daha çox müşahidə olunur.
Alimlərin hazırladığı xüsusi pomidor yüksək miqdarda D vitamini öncül maddə toplayır. Günəş işığına məruz qaldıqda bu maddə “D3” vitamininə çevrilir.
Məlumata görə, hər yetişmiş pomidor təxminən iki yumurta və ya 28 qram tuna balığı qədər “D” vitamini ehtiva edir.
Yeni sınaqda “D” vitamini çatışmazlığı olan 76 könüllü üç həftə ərzində hər gün pomidor şorbası içəcək. Onlardan bir qisminə genetik dəyişdirilmiş, digər qisminə isə adi pomidordan hazırlanmış şorba veriləcək. Könüllülər hansı qrupa aid olduqlarını bilməyəcəklər.
Hər iştirakçı eyni zamanda günəş işığına məruz qalma səviyyəsini ölçmək üçün üzərində UV sensor daşıyacaq.
Layihənin rəhbəri Keti Martin, “İnsanlar adətən vitamin əlavəsi qəbul edir. Halbuki yeni seleksiya üsulları ilə onsuz da sağlam olan bu təzə məhsullar əvvəldən mikroelementlərlə zənginləşdirilə və hamımızın sağlamlığına töhfə verə bilər”, – deyib.
Həmin elmi qrup daha əvvəl də antioksidant baxımından zəngin bənövşəyi rəngli genetik dəyişdirilmiş pomidorları bazara çıxarmışdı.