Vaxt.Az

Matryoşka kimi kainatlar


 

Biz bir qara dəliyin içində yaşayırıq?

Matryoşka kimi kainatlar Alimlər Böyük Partlayış (“Big Bang”) nəzəriyyəsinə alternativ yeni bir yanaşma irəli sürüblər. İddialara görə, kainat əslində çökmüş nəhəng bir qara dəliyin “geri sıçraması” nəticəsində yaranmış ola bilər.

Böyük Britaniyanın Portsmut Universitetindən Enrike Qaztanaqa rəhbərliyində hazırlanan və “Physical Review D” jurnalında dərc olunan tədqiqatda, Böyük Partlayışın əslində “Böyük Sıçrayış” (“Big Bounce”) olduğu vurğulanır.

 

“Böyük Sıçrayış” nədir?

 

Ənənəvi modelə görə kainat 13,8 milyard il əvvəl birdən-birə böyük bir partlayışla yaranıb. “Böyük Sıçrayış” nəzəriyyəsi isə fərqli ssenari təqdim edir: kainat əvvəlcə daralıb, maddə həddindən artıq sıxlaşıb, amma sonsuz sıxlığa çatmadan “geri sıçrayaraq” genişlənməyə başlayıb. Bu proses astronomiya alimlərinin Böyük Partlayışdan sonrakı sürətli genişləmə kimi qəbul etdikləri mərhələyə çox oxşayır.

Qaztanaqa “BBC Science Focus” jurnalına açıqlamasında, “Müşahidə edə bildiyimiz kainat, daha böyük bir kainatın içində yaranmış qara dəliyin daxilində ola bilər”, – deyib.

 

“Qara dəlik kainatı” modeli

 

Bu model, standart astronomiyanın cavabsız qoyduğu bəzi suallara cavab verməyə çalışır. Klassik nəzəriyyədə kainatın yaranması üçün ilkin “inflyasiya” dövrü və sonrakı genişləməni izah etmək üçün isə müəmmalı “qara enerji” konsepsiyası tələb olunur. Qara dəlik yanaşması isə yalnız cazibə qüvvəsi və kvant mexanikasına əsaslanaraq izah verir.

Lakin nəzəriyyə hələ də qaranlıq maddənin təbiətini açıqlaya bilmir.

Modelə görə, kainatımız bu gün də qara dəliyin içində ola bilər. Üstəlik, müşahidə etdiyimiz bəzi digər qara dəliklərin də öz daxilində kiçik kainatlar mövcud ola bilər. Qaztanaqa bunu “iç-içə yerləşmiş rus matryoşka kuklaları”na bənzədir.

Amma yalnız çox böyük qara dəliklər sabit kainatlar yarada bilər; kiçik qara dəliklərdə kainatlar sürətlə genişlənib çökür.

 

Nəzəriyyə necə sınaqdan keçirilə bilər?

 

Alimlər bildirirlər ki, bu model müşahidələrlə yoxlanıla biləcək proqnozlar verir. Ən vacibi, kainat tamamilə düz deyil, azca əyri – yəni kürəvi formaya yaxın olmalıdır. Avropa Kosmik Agentliyinin “Euclid” peyki bu əyriliyi ən dəqiq şəkildə ölçməyə çalışır və nəticələrin 2030-cu ildə açıqlanması gözlənilir.

Bundan başqa, nəzəriyyə kainatın əvvəlki “çökmə dövründən” qalma “qalıq qara dəliklər” və “qalıq neytron ulduzları”nın hələ də mövcud ola biləcəyini, onların qalaktikaların formalaşmasına izlər buraxa biləcəyini iddia edir.

Qaztanaqa, “Əgər bu model doğrudursa, biz indi bir qara dəliyin içində yaşayırıq”, – deyib.

 





29.09.2025    çap et  çap et