Vaxt.Az

ABŞ-da kilsəyə hücum


 

Əvvəl partlayış baş verib, sonra atışma olub

ABŞ-da kilsəyə hücum ABŞ-ın Miçiqan ştatında Mormon kilsəsinə hücum edilib. Polis bildirib ki, hücum edən şəxs, keçmiş dəniz piyadası olduğu müəyyən edilən, öldürülüb. Hücumdan əvvəl partlayış səsləri eşidilib və kilsə binası ciddi şəkildə alovlanıb. Hücum zamanı 4 nəfər ölüb, ən azı 9 nəfər yaralanıb.

Miçiqanın Qrand Blank şəhərində yerləşən “İsa Məsihin son günləri” kilsəsində (“The Church of Jesus Christ of Latter-day Saints”) baş verən silahlı hücumda ilkin məlumatlara görə, 4 nəfər ölüb, 9 nəfərdən çox insan yaralanıb və kilsədə yanğın baş verib.

Rəsmi şəxslər bildiriblər ki, hücumçu mərasim zamanı avtomobili ilə kilsəyə çırpılıb, daha sonra içəridəki insanlara atəş açmağa başlayıb. Cinayətkar vurularaq öldürülüb. Rəsmi məlumatlara görə, hücum edən şəxs kilsəni yandırıb. Yanğın qısa müddətdə güclənib. Kilsəyə yanğın söndürüldükdən sonra daxil olmaq mümkün olacaq. Bu zaman ölən və yaralananların sayının artması ehtimalı var.

ABŞ rəsmiləri cinayətkarın 40 yaşlı Tomas Ceykob Sanford adlı şəxs olduğunu açıqlayıb. Polis rəsmisi Uilyam Renye bildirib ki, keçmiş dəniz piyadası olan Sanford, iki ABŞ bayrağı asılmış pikapla kilsəyə gəldikdən sonra avtomobildən enib atəş açmağa başlayıb. Hücumçunun şəhərə yaxın bir qəsəbədə yaşadığı qeyd olunur. Hücumun səbəbi isə araşdırılır.

***

ABŞ Prezidenti Donald Tramp kilsəyə hücum barədə məlumatlandırıldığını bildirərək, “Dərhal hadisə yerinə çatan FTB federal istintaq aparacaq və ştat və yerli hakimiyyət orqanlarına tam dəstək verəcək. Şübhəli öldürülüb, amma öyrənilməli çox şey var. Bu, ABŞ-dakı xristianlara qarşı daha bir hədəfli hücum kimi görünür. Ölkəmizdəki bu zorakılıq epidemiyası dərhal sona çatmalıdır”.

ABŞ Ədliyyə Naziri Pam Bondi hücum barədə məlumatlı olduğunu qeyd edib və FTB ilə ATF-nin yerli hakimiyyət orqanlarına istintaqda kömək edəcəyini bildirib. Bondi, “İbadət yerlərində baş verən belə zorakılıq hadisələri ürəyi parçalayan və dəhşətlidir. Zəhmət olmasa, bu dəhşətli faciənin qurbanları üçün mənimlə birlikdə dua edin”, – deyib.

FTB Direktoru Kaş Patel isə büronun yerli hakimiyyət orqanlarına kömək edəcəyini təsdiqləyib: “İbadət yerində baş verən zorakılıq, qorxaq bir hərəkətdir. Bu dəhşətli faciə zamanı qurbanlar və onların ailələri üçün dua edirik”.

 





29.09.2025    çap et  çap et