Gənclərin Rusiyaya yaxın bir haker üçün məlumat təmin etdikləri iddia olunur. Şübhəlilərin “Telegram” kanalı vasitəsilə həmin hakerin tapşırıqlarını yerinə yetirdikləri bildirilib. “De Telegraaf” qəzetinin məlumatına görə, bir gəncin atası oğlunun Den Haqda haker fəaliyyətləri apardığını və bu fəaliyyətlərin ehtimal ki, Rusiya naminə həyata keçirildiyini söyləyib.
İstintaq zamanı məlum olub ki, şübhəlilərdən biri avqustda “Europol”, “Eurojust” və Kanada səfirliyi ətrafında dolaşarkən “WiFi-sniffer” adlı cihaz və ya tətbiq istifadə edib. Bu cihaz ətrafdakı simsiz şəbəkələri skan edərək şəbəkə xəritəsi çıxarmağa və ya məlumat toplamağa imkan verir.
İki gənc “Telegram” vasitəsilə Rusiyaya yaxın haker tərəfindən yönləndirilib. Lakin prokurorluq, şübhəlilərin azyaşlı olması və araşdırmanın gizliliyi səbəbindən detalları açıqlamayıb. Yalnız iki nəfərin saxlandığı və məhkəməyə çıxarıldığı təsdiqlənib.
Şübhəlilərdən birinə 14 gün əlavə həbs, digərinə isə ev həbs qərarı verilib.
Gənclərdən birinin atası hadisə gününü belə xatırlayıb: “Günortadan sonra oğlum evdə dərs edirdi. Qapı döyüldü. Maskalı azı səkkiz polis bir anda içəri girdi. Əllərində axtarış qərarı vardı. Birbaşa yuxarı mərtəbəyə çıxıb oğlumu apardılar”.
Atası oğlunun belə bir işə qarışacağına inanmadığını bildirib: “O heç vaxt küçəyə çıxmaz, macəra aramaz. Supermarketdə işləyir və sakit həyatı var”.
Gənc, ətrafı tərəfindən kompüterlərə maraqlı, oyunlarda fəal və haker mövzularına həvəsli biri kimi tanınır.
Gənclərin saxlanması Hollandiya Kəşfiyyat Xidməti (AIVD) tərəfindən verilən məlumat əsasında mümkün olub. Bu hadisənin, Hollandiya tarixində ilk dəfə azyaşlı şəxslərin xarici bir ölkə üçün casusluq fəaliyyətlərinə cəlb olunması halı ola biləcəyi qeyd edilir.