Vaxt.Az

Sosial xərclər artdı


 

Daha hansı ayırmalar olacaq?

Sosial xərclər artdı Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb. Bu həmin dövrdə 424,6 milyon manat xərc artımı deməkdir. DSMF-in xərclərindəki dəyişiklik həm 2025-ci ildə yeni sosial paketin icrası, həm də müavinət və təqaüd və eləcə də pensiya alanların sayının artması ilə bağlıdır. Belə ki, bu ilin ilk 8 ayında aylıq sosial müavinət alanların sayı 2025-ci ilin əvvəli ilə müqayisədə 13 min nəfər artaraq 466 min 210 nəfərə, təqaüd alanların sayı isə 4 min 244 nəfər artaraq 405 min 644 nəfərə çatıb. Bu o deməkdir ki, həmin dövrdə aylıq müavinət və təqaüd alanların sayı 17.3 min nəfər çox olub.

Artımlar eyni zamanda proaktiv qaydada müavinət və təqaüd alanların sayında da özünü göstərib. 2025-ci ilin yanvar-avqust ayları ərzində proaktiv qaydada 105 665 sosial müavinət və təqaüd təyin olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 minə yaxın artım deməkdir. Pensiyaçıların sayında da artımlar qeydə alınıb. 2025-ci il iyulun 1-i vəziyyətinə əsasən pensiyaçıların sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.3 min nəfərə artaraq 1103,3 minə çatıb.

Göründüyü kimi, sosial dəstəklərdən faydalanan vətəndaşlarımızın sayındakı artımlar DSMF-in xərclərin təsirsiz ötüşməyib. Bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı. Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu baxımdan, növbəti dövrddə sosial müdafiən tədbirlərinin miqyasının daha da genişləndirilməsi fondun xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir.

Artımlar eyni zamanda fondun proqnozlaşdırılan gəlirlərində də var. 2025-ci ildə DSMF gəlirlərinin 7 milyard 617 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir. Gəlirlərdəki artım fiscal dayanıqlıq baxımdan vacib amillərdəndir.

 





29.09.2025    çap et  çap et