Çinin cənubundakı Quyçjou əyalətində inşa edilən körpü, 28 sentyabrda keçirilən mərasimlə rəsmi şəkildə açılıb.
625 metr yüksəklikdə olan körpü yenə Quyçjouda yerləşən və 565 metr hündürlüyü ilə tanınan “Beipanjiang Körpüsü”nü geridə qoyub.
Mərasimdə mühəndislər, yerli rəsmilər və çoxsaylı sakin iştirak edib. Dövlət televiziyası körpünün üzərindən keçən avtomobillərin, buludların arasında yüksələn mavi dayaq qüllələrinin görüntülərini dron vasitəsilə canlı yayımlayıb.
Quyçjou Əyaləti Nəqliyyat Departamentinin rəhbəri Çjan Yin, körpünün açılışı ilə bölgədə nəqliyyatın inqilabi şəkildə dəyişdiyini bildirib: “Körpü iki sahil arasındakı səfəri iki saatdan cəmi iki dəqiqəyə endirdi”.
Rəsmilər bildiriblər ki, körpü yalnız nəqliyyatı asanlaşdırmayacaq, eyni zamanda regional iqtisadi və sosial inkişafı da sürətləndirəcək.
Dağlıq relyefi ilə seçilən Quyçjou əyaləti minlərlə körpüyə ev sahibliyi edir. Dövlət agentliyi “Xinhua”nın məlumatına görə, dünyanın ən hündür 100 körpüsünün yarısına yaxını məhz bu bölgədə yerləşir.
Üç ildən artıq müddətdə tamamlanan “Huajiang Böyük Kanyon Körpüsü” 1 420 metrlik əsas uzunluğu ilə dağlıq ərazilərdə inşa edilmiş ən uzun körpü adını da qazanıb.
Yüksəklik baxımından dünya rekordu “Huajiang” körpüsünə məxsus olsa da, dayaqlarının öz hündürlüyünə görə birincilik hələ də Fransadakı Millau Viyadüğünün əlindədir. 343 metr yüksəkliyi ilə həmin körpü mühəndislik möcüzələri arasında öz mövqeyini qorumaqdadır.