Vaxt.Az

“Bitcoin” bahalaşdı


 

Kripto bazarı son günlər itirdiklərini qaytarır

“Bitcoin” bahalaşdı Kripto pul bazarı son 24 saat ərzində əhəmiyyətli bir bərpa mərhələsinə daxil olub. “Bitcoin” əvvəlki həftədə yaşanan enişdən sonra güclü şəkildə yüksələrək 112.000 dollar səviyyəsini keçdi. Son məlumatlara görə, BTC qiyməti 112.350 dollara qədər yüksəldikdən sonra 112.000 dollar həddində səthi hərəkət edir.

Keçən həftə “Bitcoin” qiyməti qısa müddət üçün 109.000 dolların altına düşmüşdü. Lakin həftə sonunun son saatlarında gələn alışlarla trend tərs çevrildi və kriptovalyuta yenidən sürət qazandı. Texniki göstəricilər, bəzi altcoinlərin “Bitcoin”dən daha yüksək nisbətdə dəyər qazandığını göstərir.

İnvestorlar bu həftə açıqlanacaq iqtisadi göstəricilərin müsbət gəlməsi halında bərpanın davam edə biləcəyini düşünür. Xüsusilə ABŞ-da açıqlanacaq məşğulluq göstəriciləri və digər iş gücü məlumatları, ABŞ Mərkəzi Bankının (FED) faiz siyasətini müəyyən etmədə kritik rol oynayır.

Bəzi analitiklər oktyabr ayının kripto bazarı üçün tarixən güclü bir dövr olduğunu bildirir. Kripto alverçiləri tərəfindən “Uptober” adlandırılan bu dövrün BTC üçün yüksəlişi gücləndirə biləcəyi düşünülür. “Bitcoin”in bazar dəyəri bu bərpa ilə birlikdə 2,23 trilyon dollara çatıb və hakimlik payı təxminən %56,4 səviyyəsindədir.

“Bitcoin”dəki bərpanın ardından “futures” (gələcək müqavilələri) bazarında qısa mövqelərdən 260 milyon dollar, ümumilikdə 350 milyon dollarlıq likvidasiya baş verib. İnvestorlar 112.000 dollarlıq həftəlik bağlanışın ardından həcm artımına diqqət çəkir. Texniki məlumatlar göstərir ki, bu səviyyənin üstündə davamlılıq təmin edilməsə, qiymət 108.000 – 113.500 dollar aralığında dalğalana bilər.

CME “futures” bazarında yaranan yeni qiymət boşluğu treyderləri diqqətli olmağa məcbur edir. Qiymət şərhçiləri bu boşluğun qısa müddətdə doldurula biləcəyini və bu müddətdə qiymətin bir daha aşağı təzyiq görəcəyini bildirir. “CoinGlass” məlumatlarına görə, 107.000 dolların altına düşüşdə təxminən 5 milyard dollarlıq uzun mövqe likvidasiya riski mövcuddur.

Bu həftə ABŞ-dan gələcək məşğulluq məlumatları kripto bazarı üçün önəmli hərəkətlilik mənbəyi kimi diqqət çəkir. Xüsusi və dövlət sektoru məşğulluğu, işsizlik maaşı müraciətləri kimi göstəricilər, Fed üzərində faiz endirimləri təzyiqini artıra bilər. Prezident Cerom Pauel siyasətdə balans axtarışını davam etdirir, ABŞ Prezidenti Donald Tramp isə mərkəzi banka qarşı tənqidləri davam etdirir.

Keçən həftə açıqlama verən Pauel, siyasətin neytral səviyyəyə yaxınlaşdırılması istiqamətində addımlar atdıqlarını bildirmişdi. Tramp isə sosial media platforması “Truth Social” üzərindən paylaşım edərək, Pauelin iqtisadiyyata gec müdaxilə etdiyini iddia edib.

Yeni həftəyə başlarkən qızıl qiyməti bütün zamanların ən yüksək səviyyəsi olan 3.800 dolları keçərək diqqət çəkdi. ABŞ dollarındakı zəifləmə qızılı dəstəkləyir, yatırımçılar isə bu yüksəlişin “Bitcoin”ə də təsir edib-etməyəcəyini izləyir. Analitiklər “Bitcoin”/qızıl nisbətinin azalmasına diqqət çəkir və bazarın hələ BTC tərəfə tam dönmədiyini bildirir.

Analitiklərə görə, qızıl pul siyasətinə daha həssasdır və erkən reaksiya verir, “Bitcoin” isə qlobal böyümə gözləntilərinə bağlı olaraq hərəkət edir. Pul siyasətində yumşalma sonrası böyümə gözləntilərinin yaxşılaşması ilə “Bitcoin”in də güclü hərəkət edə biləcəyi düşünülür.

“Onchain” analiz platforması “CryptoQuant” məlumatlarına görə, “Bitcoin”dəki son eniş zamanı qısa müddətli yatırımçılar panik vəziyyətində satış edərkən, uzun müddətli yatırımçılar mövqelərini qoruyub. SOPR (Spent Output Profit Ratio) göstəricisi bu qrupun zərərdə satış etdiyini göstərir və bu, keçmişdə qiymət minimumları ilə üst-üstə düşən davranışlarla uyğundur.

Platforma məlumatlarına görə, qısa müddətli investorlar qiymət dalğalanmalarına daha həssas reaksiya verir. Orta xərcləri 109.800 dollar səviyyəsində olan bu investorlar qiymət bu səviyyənin altına düşəndə təlaşlı satış edirlər. Analitiklər bildirir ki, bu davranış daha uzun müddətli bərpanın göstəricisi ola bilər.

 





29.09.2025    çap et  çap et