Tehran Avropa ölkələrini nüvə çalışmalarını davam etdirmədiyinə inandıra bilmədi. Bunun nəticəsi olaraq Avropa üçlüyü ABŞ və İsrailin İrana qarşı sanksiyaların tətbiqi siyasətinə qoşulmuş oldu. Avropa üçlüyünün qərarı İran Prezidenti Məsud Pezeşkianın siyasətinə zərbədir. O çalışırdı ki, İrana qarşı sanksiyalar ortadan qaldırılsın və ölkəsi Qərb ölkələri ilə ticarət əlaqələrini bərpa etsin. Ancaq bu mümkün olmadı. Bunun əsas səbəbi İrandakı mühafizəkar qrupun siyasəti ilə bağlıdır. İran Prezidenti ABŞ və Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq istəyərkən, mühafizəkarlar Məsud Pezeşkianın bu siyasətini qəbul etmədilər. Məsud Pezeşkian nüvə məsələsində söz sahibi deyil. İranda nüvə çalışmaları və uranın zənginləşdirilməsi ali dini lideri və SEPAH generallarının səlahiyyəti çətçivəsindədir. Prezident onların qərarlarına təsir edə bilmir. İran Konstitusiyası da buna imkan vermir.
İranın ali dini lideri Əli Xameneyi bildirib ki, ABŞ-la danışıqlar nəticə verməyəcək və bu danışıqların davam etdirməyin əhəmiyyəti yoxdur. Bu ali dini liderin ölkə Prezidentinə də mesajıdır ki, Vaşinqton və Brüssellə nüvə məsələsiylə bağlı danışıqları davam etdirməsin. Ali dini lider və SEPAH generalları nüvə çalışmalarından imtina etməyənə qədər İrana qarşı sanksiyalar yumşalmayacaq. Qərbdə Məsud Pezeşkianın “biz nüvə silahı əldə etmək istəmirik” çağırışlarına inanmırlar. Çünki İranda bununla bağlı qərarı başqaları verir. Halbuki, İranın uranı zənginləşdirmək siyasətindən İran xalqı əziyyət çəkir. İrana qarşı tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir edir, sosial vəziyyət ağırlaşır, inflyasiya dərinləşir, bundan ən çox sadə iranlılar əziyyət çəkir. İran həmçinin əsas gəlir mənbəyi olan neftini satmaqda çətinlik çəkir.
ABŞ və Avropa dövlətlərinin İrana qarşı sanksiyaları davam etdirməsi İsrailin İrana qarşı növbəti dəfə raket zərbələrini aktuallaşdıra bilər. İsrail hökuməti İranın nüvə çalışmalarını davam etdirdiyini bəhanə edərək bu ölkəyə yenidən zərbə vura bilər. Halbuki, bu problemin həlli deyil. Əksinə, İsrailin İrana hücumları İranda mühafizəkarların mövqeyini gücləndirir.
Bu arada, İran parlamentinin 71 üzvünün ölkənin müdafiə doktrinasına ciddi dəyişikliklər edilməsini tələb ediblər. Onlar nüvə silahının yaradılması imkanlarının nəzərdən keçirilməsini istəyiblər. Beləliklə, İranın mühafizəkar deputatları nüvə silahı əldə edilməsini lazım bilirlər. Halbuki, İran rəsmiləri və din xadimləri əvvəllər deyirdilər ki, nüvə silahı İslama ziddir və Tehran nüvə silahı əldə etmək istəmir. Qərbdə əvvəl də bu deyilənlərə inanmırdılar. Pakistan İslam Respublikasıdır, ancaq nüvə silahı var. İslam Respublikası olan İran da nüvə silahının əldə edilməsi barədə planlar qurur.