Fransa Sosial Müdafiə İdarəsi açıqlayıb ki, 2024-cü ildə saxta xəstəlik arayışları səbəbindən 42 milyon avro dəyərində fırıldaqçılıq aşkar edilib. Bu, 2023-cü illə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Ümumilikdə bütün saxtakarlığın dövlətə maliyyə itkisi 628 milyon avro səviyyəsində olub.
“Reuters”a danışan xüsusi detektivlər bildiriblər ki, son dörd ildə şirkətlərdən gələn müraciətlərin sayı iki dəfə artıb. Onlar, bəzən xəstəlik arayışı alıb tətilə gedən, bəzən isə rəqib şirkətlərdə gizli işləyən işçiləri aşkar ediblər.
1994-cü ildən bu sahədə çalışan detektiv Fabris Leman uzun müddət xəstə kimi görünən maliyyə sektoru işçisini izlədikdə onun əslində peşə fəaliyyətinə davam etdiyini ortaya çıxardığını deyib.
Fransada bir işçiyə ödənən gündəlik sosial müdafiə ödənişi 41,47 avro ilə məhdudlaşır. Lakin bir çox işəgötürən bu məbləği tamamlayaraq işçinin maaşının böyük hissəsini ödəməyə davam edir. Bu da saxta arayışların yalnız dövlətə deyil işəgötürənlərə də böyük maliyyə yükü gətirdiyini göstərir.
Bəzi ekspertlər saxtakarlığın ciddi problem olduğunu qeyd edərkən, digərləri bu məsələnin şişirdirildiyini düşünür. İqtisadçı Jan Klod Delgenes Fransız iş mədəniyyətindəki avtoritar quruluşunun yüksək arayış nisbətlərinə səbəb olduğunu vurğulayıb.
Buna qarşı təcili yardım həkimi və “La France Insoumise” partiyasının sağlamlıq siyasəti üzrə tövsiyələr hazırlayan Sabrina Ali Benali isə bu halların geniş yayılmış olmadığını, məsələnin sadəcə bir fantaziya olduğunu ifadə edib.