Hazırlanan layihəyə əsasən, hazırda adətən 8, maksimum 10 saat olan gündəlik iş vaxtı limiti ləğv ediləcək və dəyişkən həftəlik model tətbiq olunacaq. Beləliklə, işçi ilə işəgötürən 48 saatlıq həftəlik iş yükünü öz aralarında günlərə bölə biləcəklər. Bu isə, məsələn, həftədə dörd gün 12 saatlıq iş rejimini mümkün edəcək.
Plan Avropa Birliyi direktivlərinə əsaslanır. Birlikdə həftəlik 48 saatlıq iş həddi icazəli sayılır. Bundan başqa, artıq iş saatları üçün vergi endirimi də gündəmdədir. Lakin bu imkandan bütün işçilərin yararlana bilməyəcəyi vurğulanır.
Kimlər risk altındadır?
Merz hökumətinin 48 saatlıq iş həftəsi planı bir sıra məqamlara görə ciddi tənqid olunur. Xüsusilə, kollektiv müqaviləsi olmayan, işçi nümayəndəsi olmayan müəssisələrdə və sərbəst işçi qüvvəsinə ehtiyac duyulan sektorlarda çalışanların zərər görə biləcəyi bildirilir.
Kollektiv müqavilə xaricindəki işçilər: Həmkarlar ittifaqı və ya kollektiv müqavilə ilə qorunmayan işçilər yalnız minimum qanuni müdafiə alacaqlar. Bu halda 48 saatlıq iş rejiminin tətbiqi böyük ölçüdə işəgötürənin qərarına qalacaq.
İşçi nümayəndəsi olmayan müəssisələr: Belə iş yerlərində iş vaxtının planlanmasında işçilərin söz haqqı olmayacaq. Bu isə üst-üstə dörd gün 12 saatlıq iş rejiminə gətirib çıxara bilər.
Sərbəst işçi qüvvəsi tələb edən sektorlar: Hökumətə görə, bu qayda işçi çatışmazlığını aradan qaldırmağa və intensiv dövrləri idarə etməyə kömək edəcək. Bu səbəbdən ən çox iaşə, pərakəndə, logistika və səhiyyə sektorlarında çalışanlara təsir göstərəcək.
İctimai reaksiya
Rəsmi olaraq həftəlik iş vaxtı artırılmasa da, “8 saatlıq iş günü” qaydası sərbəstləşəcək. Bu isə işçilərin çox daha uzun iş günləri ilə üz-üzə qalmasına səbəb ola bilər.
İşçi nümayəndələri xəbərdarlıq edir ki, bu dəyişiklik həm iş-yaşam balansını, həm də sağlamlığı ciddi risk altına salır. Bir çox çalışan isə açıq şəkildə “8 saatlıq iş günü mənim üçün toxunulmazdır” deyərək etiraz edir.
Mütəxəssislər bildirirlər ki, uzun iş günləri yuxu problemlərini, yorğunluğu və stressə bağlı xəstəlikləri artıra bilər.