“Məhəllə”mizin “Eliş”i bəziləri üçün adi obraz kimi görünsə də, ekrandan evlərimizə səmimilik, zarafat, sadəlik və insanlıq gətirən bir sima idi. Onun timsalında biz təkcə aktyoru yox, həm də dostu, qonşunu, qohumu, bir yerdə böyüdüyümüz məhəllənin uşaqlarından birini sevdik. Gülüşündə o qədər həyat var idi ki, onun zarafatları ilə böyüyən nəsil, elə mən özüm də, indi susqunluğa qərq olmuşuq…
Cabir İmanov gülüşü sənətə, xidməti dövlətə, sadəliyi isə həyata qatan biri idi. Polis formasından səhnə libasına, cəbhə xəttindən kamera qarşısına qədər uzanan bir ömür yolu vardı. Həm güldürməyi bacarırdı, həm də sakitliyi ilə dinməz dərdlərə dərman olurdu.
Maraqlısı bilirsiniz nədir? Bu gün biz bir vaxtlar bizi güldürən insanın arxasınca ağlayırıq. Bu da həyatın başqa bir ironiyasıdır – gülüşün altında gizlənmiş ağrının bizə bu qədər gec görünməsi…
Bəlkə də indi hardasa o tanış məhəllə sükuta qərq olub. “Eliş”in daha səsi gəlmir... Amma inanıram ki, Cabir bu tezliklə ölməz…O, hələ uzun müddət bizim gülüşümüzdə, yaddaşımızda, ekranlarda və ürəklərdə yaşayacaq…