Vaxt.Az

Neftdə eniş davam edir


 

OPEC+ istehsal artımı gözlənilir

Neftdə eniş davam edir Neft bu gün də ucuzlaşmağa davam edib. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC+) üzvlərinin istehsal artımı qərarı verməsi və İraq bölgəsindən Türkiyə üzərindən neft ixracının bərpası, bazarda yaxın günlərdə təklif bolluğu yaranacağı gözləntilərini gücləndirib.

Noyabr fyuçers “Brent” markalı xam neft kontraktları 0,69% azalaraq bir barel üçün 67,50 dollara düşüb. Daha aktiv olan dekabr fyuçersləri isə 0,64% geriləyərək 66,66 dollar səviyyəsinə enib.

Bu eniş, dünən “Brent” və ABŞ xam neftinin 3%-dən çox dəyər itirməsi və 1 avqust 2025-dən bəri ən kəskin günlük itki ilə üzləşməsindən sonra qeydə alınıb.

“IG” analitiki Toni Saykamor müştərilərinə göndərdiyi qeyddə bildirib ki, qiymətlərin aşağı düşməsinə İraq bölgəsinin həftəsonu xam neft ixracını bərpa etməsi və OPEC+ ölkələrinin bu həftə sonu keçiriləcək iclasda noyabr ayı üçün istehsal artımını təsdiqləyəcəkləri xəbərləri səbəb olub.

Məsələ ilə bağlı məlumatlı üç mənbənin bildirdiyinə görə, OPEC və Rusiyanın da daxil olduğu müttəfiqlərindən ibarət OPEC+ bazar günü keçiriləcək toplantıda gündə ən azı 137 min barel əlavə istehsal artımını təsdiqləməyə yaxındır.

 





30.09.2025    çap et  çap et