ABŞ Maliyyə Nazirliyinin qızıl ehtiyatlarının dəyəri, qiymətli metalın tarixdə ən yüksək həddə çatması nəticəsində hökumətin balans hesabatında göstəriləndən 90 dəfə artıq məbləğlə 1 trilyon dolları keçib.
Qızılın qiyməti bir unsiya üçün 3.828 dolları ötərək bu il 45% artım nümayiş etdirib. Bununla da dünyanın ən böyük qızıl ehtiyatı kritik həddi aşaraq rekord vurub.
Külçə qızıl bu il ticarət müharibələri, geosiyasi gərginliklər və ABŞ-da ehtimal olunan maliyyə böhranı ilə bağlı artan narahatlıqlar fonunda investorların “təhlükəsiz liman” axtarışına girməsi ilə ardıcıl rekordlar qırıb. Bahalaşmaya həmçinin birja investisiya fondlarına (ETF) axınlar və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərinə yenidən başlaması da dəstək verib.
Əksər ölkələrdən fərqli olaraq, ABŞ-ın qızılı mərkəzi bankın deyil, birbaşa hökumətin sərəncamındadır. FED isə Maliyyə Nazirliyinin əlində olan qızılın dəyərinə uyğun qızıl sertifikatlarını saxlayır və bunun müqabilində hökumətə dollar ötürür.
Hazırkı qiymətlərlə ehtiyatların yenidən hesablanması Maliyyə Nazirliyinin büdcəsinə təxminən 990 milyard dollar əlavə gəlir gətirə bilər.
çap et