Vaxt.Az

Qərb şirkətlərinin əmlakı milliləşdiriləcək


 

Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək

Qərb şirkətlərinin əmlakı milliləşdiriləcək Rusiya Avropa rəsmiləri xaricdəki Rusiya aktivlərini müsadirə etmək qərarı verəcəyi halda, əks-addım kimi Qərb şirkətlərinə məxsus əmlakın milliləşdirilməsi və sürətlə satılması planını nəzərdən keçirir. Bu barədə “Bloomberg” Rusiya hökumətinə yaxın mənbələrə istinadla xəbər yayıb.

Prezident Vladimir Putin dünən dövlətə məxsus aktivlərin satışını sürətləndirmək üçün yeni prosedur müəyyən edən fərman imzalayıb. Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, fərman həm Rusiya, həm də xarici şirkətlərin satışını sürətləndirməyi hədəfləyir.

Məlumata görə, əgər Avropa Birliyi Rusiya aktivlərinə əl qoymağa başlasa, Moskva “simmetrik tədbirlər” həyata keçirə bilər.

Hazırda bir çox Qərb şirkətləri müxtəlif sektorlarda Rusiyada fəaliyyətini davam etdirir. Onların arasında “UniCredit SpA” və “Raiffeisen Bank International AG” kimi iri banklar, eləcə də “PepsiCo Inc” və “Mondelez International Inc” kimi istehlak məhsulları istehsalçıları var.

Yeni özəlləşdirmə mexanizmi beynəlxalq gərginliyə baxmayaraq Rusiyada qalan yüzlərlə Qərb şirkətinə təsir göstərə bilər.

 





01.10.2025    çap et  çap et