“Forbes” jurnalının real vaxtda yenilənən Milyarderlər Siyahısına görə, Bakı vaxtı ilə saat 23:30-da Maskın sərvəti 500 milyard dolları ötüb. Lakin ticarət gününün sonunda onun sərvəti 499,1 milyard dollar olaraq qeydə alınıb.
Maskın sərvətindəki artım əsasən “Tesla”nın səhmlərinin yüksəlişi, süni intellekt startapı “xAI” və kosmik şirkəti “SpaceX”in dəyərinin artması ilə bağlıdır. Elektrikli avtomobil istehsalçısı “Tesla”nın səhmləri ilin əvvəlindən bəri təxminən 14% bahalaşıb.
“Forbes”un siyahısında Maskı “Oracle”ın qurucusu Larri Ellison və “Meta”nın yaradıcısı Mark Sukerberq izləyir.
Xatırladaq ki, Maskın sərvəti ilk dəfə 2020-ci ilin avqustunda 100 milyard dolları keçmiş, 2021-ci ilin yanvarında isə təxminən 190 milyard dollarla dünyanın ən varlı adamı titulunu qazanmışdı.