Vaxt.Az

“G7”dən Kremlə növbəti həmlə


 

Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək

“G7”dən Kremlə növbəti həmlə “Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri Ukraynanın işğalından sonra Rusiya neftinin idxalını artırmağa davam edən ölkələri hədəf alacaqlarını bəyan ediblər.

Kanada Maliyyə Nazirliyi onlayn formatda keçirilən “G7” maliyyə nazirlərinin iclasının nəticəsi olaraq yayımlanan ortaq bəyanatı açıqlayıb.

Sənəddə Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırması və Kiyevin özünü müdafiə səylərini dəstəkləmək üçün Moskva üzərində təzyiqlərin artırılması barədə razılıq əldə olunduğu bildirilib.

Bəyanatda qeyd olunub ki, Rusiyanın gərginliyi artıran fəaliyyətləri qəbuledilməzdir və sülhə nail olmaq istiqamətindəki səylərə zərər vurur. İndiyədək tətbiq olunan sanksiyaların Rusiyanın gəlirlərini azaltdığı xatırladılıb.

Nazirlər Rusiyanın hərbi imkanlarını ciddi şəkildə zəiflətmək üçün “əhəmiyyətli və koordinasiyalı addımların vaxtının çatdığını” vurğulayıblar. Bu çərçivədə müxtəlif variantların müzakirə olunduğu açıqlanıb.

Xüsusən də Rusiyanın əsas gəlir mənbəyi olan neft ixracatına təzyiqin maksimuma çatdırılması barədə razılıq əldə olunub: “Ukraynanın işğalından bəri Rusiya nefti alışını artıranları və tətbiq olunan sanksiyaların dolanmasına şərait yaradanları hədəf alacağıq”.

Bəyanatda həmçinin Rusiyanın gəlirlərini kəsmək üçün gömrük rüsumları, idxal-ihrac qadağaları kimi ticarət tədbirlərinin əhəmiyyəti vurğulanıb. Hidrokarbon idxalı daxil olmaqla, Rusiyadan idxalı əhəmiyyətli dərəcədə azaltmaq və mərhələli şəkildə tam dayandırmaq üçün konkret addımlar atılacağı bildirilib.

“G7” ölkələri Rus neftindən əldə olunan gəlirlər vasitəsilə Moskvanın müharibəni maliyyələşdirməsinə imkan verən ölkə və şirkətlərə qarşı əlavə ticarət məhdudiyyətlərinin ciddi şəkildə nəzərdən keçirildiyini də açıqlayıblar.

Sənəddə vurğulanıb ki, bu tədbirlər koordinasiyalı iqtisadi və maliyyə addımları ilə Rusiyaya təzyiqi artıracaq. “G7” beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində işləyəcəyini və oktyabrda Vaşinqtonda keçiriləcək Beynəlxalq Valyuta Fondu və Dünya Bankı illik toplantılarında bu istiqamətdə daha sərt addımların müzakirə olunacağını bəyan edib.

 





02.10.2025    çap et  çap et