“Fitch” bildirib ki, hökumətin bağlanması ölkənin kredit reytinqinə qısamüddətli təsir göstərməyəcək. Lakin bu vəziyyət ABŞ-da uzun müddətdir davam edən siyasət istehsalındakı zəiflikləri üzə çıxarır. Qeyd olunub ki, hökumət qurumlarının fəaliyyətləri dayana bilər və işçilər ödənişsiz məzuniyyətə göndərilə bilər, amma sonradan təsdiqlənən büdcə ilə əməkhaqları ödənəcək.
Agentlik xatırladıb ki, ABŞ Konqresi sonuncu dəfə 1996-cı ildə bütün maliyyə ödənişlərini yeni büdcə ili başlamadan təsdiqləyə bilmişdi. Ən son hökumət bağlanması isə 2018–2019-cu illərdə yaşanıb.
“Fitch”in açıqlamasında qeyd olunub ki, hökumətin işləməsi üçün mütəmadi şəkildə müvəqqəti büdcə qəbul edilməsi, bu ilin avqustunda ABŞ-ın “AAA” reytinqindən “AA+” səviyyəsinə endirilməsindən sonra davam edən maliyyə siyasəti zəifliyinin göstəricisidir. Agentlik ABŞ dollarının əsas qlobal ehtiyat valyutası statusunu qoruyacağını proqnozlaşdırır.
Bəyanatda həmçinin ABŞ iqtisadiyyatının bu il və gələn il 1,6%, 2027-ci ildə isə 2,1% böyüməsinin gözlənildiyi vurğulanıb. Hökumətin bağlanmasının iqtisadiyyata təsirinin isə bağlanmanın müddəti və miqyasından asılı olacağı bildirilib.
***
“S&P Global” isə bəyan edib ki, hökumətin bağlanması ABŞ iqtisadiyyatına daha çox qeyri-müəyyənlik gətirir. Qurumun hesablamasına görə, federal hökumətin hər həftə bağlı qalması ümumi daxili məhsulun (ÜDM) artım tempini 0,1–0,2 faiz bəndi azalda bilər.
Bununla belə, agentlik qeyd edib ki, hökumət işçiləri bağlanmadan sonra əməkhaqlarını geriyə dönük alsalar da, itirilən iqtisadi fəaliyyət yalnız qismən kompensasiya olunur.
“S&P” açıqlayıb ki, hökumətin bağlanması nəticəsində mühüm iqtisadi göstəricilərin dərcində yaranacaq ləngimə ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinə dair qərarlarına əlavə qeyri-müəyyənlik yaradacaq.
Agentliyin proqnozuna görə, FED ilin sonuna qədər iki dəfə 25 baza bəndi faiz endirəcək, 2026-cı ildə isə əlavə olaraq 50 baza bəndi dərəcəni azalda bilər.