Ali Məhkəmənin qərarına əsasən, Tramp administrasiyasının Kukun dərhal işdən çıxarılması ilə bağlı arqumentləri yanvar ayında dinlənəcək. Bu müddət ərzində isə Kuk öz vəzifəsini davam etdirəcək.
San-Fransisko FED-in keçmiş baş məsləhətçisi Tim Mahedi mövzu ilə bağlı şərhində, “Bu hələ bitmiş deyil, amma şimdilik FED-in müstəqilliyi üçün bir qələbədir. Yanvarda yenidən bu məsələyə qayıtmalı olacağıq”, – deyib.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar FED üzərindəki təzyiqləri müvəqqəti azaltsa da, rahatlama uzun sürməyə bilər. Çünki may ayında FED sədri Cerom Pauellin səlahiyyət müddəti başa çatır və Trampın onun yerinə kimi təyin edəcəyi, eləcə də Ağ Evin siyasətçilərə təsir göstərmək üçün başqa yollar axtarıb-axtarmayacağı əsas suallardan biridir.
Trampın Kuku vəzifədən kənarlaşdırma təşəbbüsü
Xatırladaq ki, Donald Tramp avqustun 25-də Kukun “ipoteka müqavilələrində yanlış bəyanatlar verdiyi” iddiası ilə vəzifədən azad edildiyini elan etmişdi. Tramp “haqlı səbəb” olduqda FED rəhbərliyinin üzvünün prezidentin qərarı ilə vəzifədən azad edilə biləcəyini bildirərək, Kukun işdən çıxarılması üçün kifayət qədər əsas olduğunu iddia etmişdi.
Lakin Kuk bu addımı məhkəməyə daşıyaraq, vəzifədən kənarlaşdırılmasının qarşısını almışdı. Vaşinqton dairə məhkəməsinin hakimi Jia Kobb Trampın gətirdiyi “ipoteka dələduzluğu” arqumentlərinin yetərli əsas olmadığını bildirmiş və Kukun vəzifədən azad edilməsini müvəqqəti olaraq dayandırmışdı.
Tramp administrasiyası bu qərardan apellyasiya şikayəti versə də, həm apellyasiya məhkəməsindən, həm də daha sonra Ali Məhkəmədən rədd cavabı alıb. Nəticədə, Kuk haqqında iş yanvar ayında Ali Məhkəmədə yenidən müzakirə olunacaq.