Mərakeşin rəsmi “MAP” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadla yayılan məlumatında deyilir ki, polis özünü qorumaq qarışıqlıq yaradan iki şəxsə üçün atəş açıb. Həmin şəxslərin polis silahlarını ələ keçirməyə çalışdığı irəli sürülüb. Lakin bu iddianı təsdiqləyən şahid qeydə alınmayıb.
Sentyabrın 27-də başlayan və ictimaiyyətdə “Z nəsli” etirazları kimi tanınan aksiyalarda ilk dəfə insan ölümü qeydə alınıb.
Nümayişçilər məktəb və xəstəxanaların əsas xidmətlər üçün hələ də kifayət qədər büdcə ala bilmədiyini, əvəzində isə 2030 Dünya Kuboku üçün milyardlarla dollar xərclənməsini sərt tənqid edirlər.
Lidersiz şəkildə formalaşan bu hərəkat ölkəni hazırlıqsız yaxalayıb və Mərakeşin son illərdə gördüyü ən böyük etiraz dalğalarından birinə çevrilib.
Dünən kütləvi həbslərin ardından Mərakeşin bir çox şəhərində zorakılıq halları baş qaldırıb. Hadisələr daha çox iş yerlərinin məhdud, dövlət xidmətlərinin isə zəif olduğu bölgələrdə cəmləşib.
Paytaxt Rabatın yaxınlığında yerləşən kasıb Sale şəhərində yüzlərlə maskalı gənc – əksəriyyəti yeniyetmələr – avtomobilləri, bankları və mağazaları yandırıb, şüşələri sındıraraq qarət edib. O anlarda polis küçələrdə görünməyib.
İki gün qabaq çəkilmiş görüntülərdə isə ölkənin şərq və cənubundakı İnezqan və Ait-Amira kimi şəhərlərdə nümayişçilərin daş atdığı, avtomobilləri yandırdığı əks olunub.
Xaos hökumətin, müxalifətin və hərəkatın öz təşkilatçılarının xəbərdarlıqlarına baxmayaraq böyüyüb.
“Discord” platformasında yayılan açıqlamada “Gen Z 212” adlı etiraz hərəkatı çərşənbə günü iştirakçılara dinc qalmaq çağırışı edib və repressiv təhlükəsizlik yanaşmasını sərt sözlərlə tənqid edib.
Mərakeş Daxili İşlər Nazirliyi bu günə qədər 409 nəfərin saxlanıldığını açıqlayıb. Nazirlik bildirib ki, anonim şəkildə təşkil edilən aksiyalar qanun çərçivəsində qiymətləndiriləcək və qayda pozanlara qarşı sərt və güzəştsiz tədbirlər görüləcək.
Nazirliyin məlumatına görə, indiyədək 263 polis əməkdaşı yaralanıb, 142 polis avtomobili zədələnib. Bundan başqa, 20 mülki avtomobil dağıdılıb, 23 dinc sakin yaralanıb.