Vaxt.Az

Hava yolları yumurtadan yun qırxır


 

“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”

Hava yolları yumurtadan yun qırxır Təyyarə ilə səyahətdə rahatlıq anlayışı dəyişir. Kanadanın aviaşirkəti “WestJet” yeni qayda tətbiq edib – bundan sonra oturacağını arxaya yatırmaq istəyən sərnişinlər əlavə ödəniş etməli olacaqlar.

Vaxt.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu qərarı “müasir təcrübə” kimi təqdim etsə də, sərnişinlər qərara kəskin etiraz ediblər.

Yeni qaydaya əsasən, təyyarələrdə yalnız 12 ədəd “premium” oturacaq arxaya yatırılacaq şəkildə hazırlanıb.

Bu yerlər daha geniş baş dayaqları və dizayn ilə fərqlənir. Lakin həmin oturacaqlarda yalnız əlavə ödəniş edən sərnişinlər əyləşə biləcək.

Oturacaqların arxasında yerləşən “Extended Comfort” bölməsində diz məsafəsi bir qədər geniş olsa da, arxaya yatırılma funksiyası yoxdur. Təyyarənin qalan hissəsindəki standart ekonomik sinifdə isə həm diz məsafəsi, həm də ümumi rahatlıq ən aşağı səviyyədə saxlanılacaq.

Yeni sistem sosial şəbəkələrdə böyük narazılıq yaradıb.

Bir çox istifadəçi aviaşirkətləri “hər şeyi pullu hala gətirməkdə” günahlandırır. Bəzi paylaşımlarda isə sərt ironiyalı şərhlər yer alıb: “Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”.

Ekspertlərə görə, bu addım aviasiya sektorunda yeni bir kommersiya dövrünün başlanğıcı ola bilər.

Aşağı büdcəli şirkətlərdən sonra artıq iri aviaşirkətlər də rahatlığı lüks kateqoriyasına daxil etməyə başlayıb.

Beləliklə, gələcəkdə təyyarə ilə səyahət edənlər üçün təkcə biletin qiyməti deyil, rahat oturmaq da ayrıca ödəniş tələb edilə bilər.

 





15.10.2025    çap et  çap et