Vaxt.Az

Neft ucuzlaşır


 

ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır

Neft ucuzlaşır ABŞ-ın Çinə qarşı yeni gömrük tarifləri tətbiq etmək planı xam neft bazarında ciddi itkilərə səbəb olub. Analitiklər, yenidən alovlana biləcək ticarət müharibəsinin neft tələbinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər. Nəticədə qiymətlər son beş ayın ən aşağı səviyyəsində qalmaqda davam edir.

Bu gün dekabr fyuçersli “Brent” markalı neft 0,2% ucuzlaşaraq bareli 62,26 dollara, “West Texas Intermediate” (WTI) markalı xam neft isə 0,2% azalaraq bareli 58,18 dollara enib.

Çindən açıqlanan zəif inflyasiya göstəriciləri də qiymətlərin azalmasını dərinləşdirib. Bu, dünyanın ən böyük neft idxalçısı olan ölkənin iqtisadi zəifliyinin hələ də davam etdiyini göstərir.

Beynəlxalq Enerji Agentliyi dünən dərc etdiyi aylıq hesabatda, qlobal neft bazarında 2026-cı ilə qədər gündə 4 milyon barelədək təklif artıqlığı yarana biləcəyini bildirib. Bu göstərici əvvəlki proqnozlardan daha yüksəkdir.

Agentlik, həmçinin 2025 və 2026-cı illər üçün qlobal neft tələbi artım proqnozlarını da aşağı salıb.

BEA-nın hesabatı, bu həftənin əvvəlində OPEC tərəfindən dərc edilən aylıq hesabatla kəskin ziddiyyət təşkil edir. OPEC öz növbəsində tələbin BEA-nın proqnozundan ən azı 100% daha çox artacağını iddia edir.

OPEC bu il ərzində hasilatı sabit şəkildə artırıb, iki illik hasilat azaldılması siyasətini tədricən ləğv edib və bazar payını genişləndirməyə çalışır.

Bununla belə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) “yumşaq tonlu” açıqlamaları nəticəsində dolların zəifləməsi, qiymətlərdə daha kəskin itkilərin qarşısını alıb.

Beynəlxalq enerji bazarlarında hazırkı vəziyyət iki əsas təzyiqin – ticarət müharibəsi riski və artıqlıq qorxusu – arasında formalaşır. Mütəxəssislərə görə, əgər həm OPEC hasilatı artırmaqda davam edərsə, həm də Çin iqtisadiyyatı zəif qalarsa, neft qiymətləri ilin sonuna qədər ucuzlaşmaqda davam edəcək.

 





15.10.2025    çap et  çap et