Vaxt.Az

«Ağlamayın, cənnətdə görüşəcəyik»


 

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür

«Ağlamayın, cənnətdə görüşəcəyik» Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini Daxili Qoşunların «N» saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.


2010-cu il iyunun 18-də tarixində gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşüb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova «Azərbaycanın Milli Qəhrəmanı» adı (ölümündən sonra) verilib.

Atası Ağakərim İbrahimovun dediklərindən: «Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar...»

Mübariz İbrahimov son döyüşündən əvvəl valideynlərinə məktub yazıb. «Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin».

 





18.06.2014    çap et  çap et